"Bizi qarşıda ciddi oyun gözləyir. Matça çox yaxşı hazırlaşırıq və çalışacağıq ki, ardıcıl 4-cü qələbəmizi qazanaq".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Huqo Basto səfərdə "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının VII tur oyunu barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
27 yaşlı müdafiəçi "ağ-qaralar"ın hər oyuna qələbə üçün çıxdığını və yalnız qələbə haqqında düşündüklərini bildirib. "Son altı oyuna nəzər yetirsək, onlardan heç biri bizim üçün asan keçməyib. Hər biri çətin alınıb. Yalnız qarşıdakı oyunlara köklənirik. Öz üzərimizdə işləyirik ki, sonda istədiyimiz nəticələri qazanaq".
Portuqaliyalı oyunçu komanda yoldaşın Mamadu Mbocu üstələyərək əsas heyət üzvlərindən birinə çevrilməsinə də münasibət bildirib: "Belə şeylərin heç birini düşünmürəm. Öz üzərimdə hər gün işləyirəm. Çalışıram ki, komandaya xeyir verim. Hər mövqedə çoxlu futbolçular və böyük rəqbət var. Bu da bizim daha çox çalışmağımıza kömək edir".
"Neftçi"nin qapıçısı Aqil Məmmədov isə hazırlıqların müsbət məcrada getdiyini bildirib: "Oktyabrın 9-da "Qəbələ" ilə yoldaşlıq matçında yaxşı oynadıq. Müəyyən çatışmazlıqlar var idi və baş məşqçi onları gördü. Milli komandalardakı futbolçular kollektivə qoşulduqdan sonra qarşıdakı görüşə tam heyətlə hazırlaşacağıq".
Məmmədov bütün oyunların komandası üçün çətin keçdiyini bildirib: "Sumqayıt"la səfərdə oynayacağıq. Rəqib yaxşı komanda formalaşdırıb. Heyətlərində gənc və mübariz futbolçular var. Əlbəttə, çətin oyun olacaq. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik".
Təcrübəli oyunçunun fikrincə, komandanın digər qapıçıları Kamran İbrahimov və Rza Cəfərov məşqçilər şans verdikcə meydana çıxırlar. "İbrahimov özünü yaxşı tərəfdən göstərib", - deyən Məmmədov ikinci komandadan cəlb olunmuş Rza Cəfərovun gənc qapıçı olmasına rəğmən, yavaş-yavaş yetişdiyini və 2-3 ilə tam formalaşaraq "Neftçi"yə layiq qapıçı olacağını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 17-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı saat 16:30-da başlanacaq.