Füzuli Məmmədov: "Qalatasaray"la oyunda qələbə şansımız 100 faizdir"

Füzuli Məmmədov: "Qalatasaray"la oyunda qələbə şansımız 100 faizdir" "Komandada ümumi vəziyyət normaldır. Bilirsiniz ki, bəzi oyunçularımız milli komandadadır. Digərləri isə bizimlə məşqdədirlər".
Futbol
1 Sentyabr , 2020 18:05
Füzuli Məmmədov: Qalatasarayla oyunda qələbə şansımız 100 faizdir
Füzuli Məmmədov

"Komandada ümumi vəziyyət normaldır. Bilirsiniz ki, bəzi oyunçularımız milli komandadadır. Digərləri isə bizimlə məşqdədirlər".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov bugünkü açıq məşqdən öncə keçirdiyi brifinqdə deyib.

43 yaşlı mütəxəssis bildirib ki, oyunçu sayını çoxaltmaq üçün əvəzedici komandadan bəzi gənc futbolçular əsas heyətə cəlb edilib: "Məşqlərdə bizə kömək etmələrini istəyirik. Ümumilikdə hər şey qaydasındadır. Zədəlilərimiz yoxdur. "Sumqayıt"la qarşıdakı oyuna hazırlaşırıq".

O daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçuların millinin düşərgəsində olmasının "Neftçi"yə mənfi təsiri ola bilərmi?

- Xeyr. Orada da hazırlaşırlar. Qarşıda yığmanın oyunları var. Düşünürəm ki, heç bir təsiri olmayacaq".

- Milli komandanın oyunları ilə bağlı yaranmış fasilədə yoxlama matçı keçirəcəksiniz?

- Açığı, belə bir fikrimiz var idi. Sadəcə planımıza uyğun gəlmədiyi üçün ikitərəfli görüşlə toplanışı yekunlaşdıracağıq.

- Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray"la qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

- Hazırda bütün fikrimiz "Sumqayıt"la qarşıdakı oyundadır. Bu matça hazırlaşırıq. "Qalatasaray"la görüşə gəlincə, indi bu barədə düşünmürük.

- Futbolçularda həyəcan varmı?

- Elə bir həyəcan hiss etmirəm. "Qalatasaray" qardaş ölkənin komandasıdır. Türkiyənin ən güclü klublarından biridir. Həyəcanlı deyilik. Çünki qarşıda hələ "Sumqayıt"la oyunumuz var. Bütün futbolçularla bu barədə danışmışıq. Başımızı aşağı salıb "Sumqayıt"la matça hazırlaşırıq".

- Futbolçularınızı qorumaq üçün "Sumqayıt"la matçda hansısa dəyişiklik edə bilərsinizmi?

- "Sumqayıt"la oyunda elə ciddi dəyişiklik olacağını düşünmürəm. Çünki hazırda əlimizdə o qədər futbolçu yoxdur ki, əsas heyət üzvlərinə istirahət verək. Maksimum 1-2 dəyişiklik ola bilər.

- Demişdiniz, yeni transfer gələcək. Həmin futbolçu "Sumqayıt"la oyunadək heyətdə olacaqmı?

- İndi bu barədə sizə tam dəqiq söz deyə bilmərəm. Düşünürəm ki, "Qalatasaray"la matça kimi yeni transfer olacaq.

- Kamran Quliyev "A Spor" telekanalına müsahibəsində deyib ki, Türkiyə klubları "Neftçi"nin 2 futbolçusu ilə maraqlanır. Onların adlarını açıqlaya bilərsinizmi?

- Mən bu barədə açıqlama vermək istəmirəm.

- "Qalatasaray" dünən yoxlama matçı keçirdi. Yəqin ki, oyunu izlədiniz.. Rəqib hansı planda diqqətinizi daha çox çəkdi?

- "Qalatasaray"lı futbolçuların fərdi keyfiyyətləri, təcrübələri barədə çox danışmağa ehtiyac yoxdur. Onları bütün dünya tanıyır. Bəli, qardaş ölkədir, can qardaşlarımızdır. Amma biz meydana qələbə üçün çıxacağıq.

- Sizcə, "Neftçi"nin şansı neçə faizdir?

- Mənim üçün 100 faiz.

Son xəbərlər

Orphus sistemi