“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz seriyanı qırıb

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz seriyanı qırıb Paytaxt təmsilçisi 197 gündən sonra doğma azarkeşləri önündə 3 xal qazanıb
Futbol
30 Oktyabr , 2017 13:11
“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz seriyanı qırıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Neftçi” futbol komandasının ev oyunlarındakı qələbə həsrəti sona çatıb. “Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu Azərbaycan Premyer Liqasındakı uğursuz seriyanı X turda qırıb.

“Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən bakılılar 197 gündən sonra doğma azarkeşləri önündə 3 xal qazanıb. Mövsümdə ilk dəfə öz meydanında qalib gələn “ağ-qaralar”ın son uğuru aprelin 15-də qeydə alınmışdı. İndiki baş məşqçisi Tərlan Əhmədovun həmin vaxt rəhbərlik etdiyi AZAL-ı 4:0 hesabı ilə məğlub edən “Neftçi” sonrakı 4 ev oyununda uğursuzluq zolağına düşmüşdü. “Qarabağ”a ötən mövsümün sonunda 1:2, cari çempionatın startında 1:3 hesabı ilə uduzan “ağ-qaralar” “Kəpəz”lə qolsuz heç-heçə edib, “Zirə”yə də yenilmişdi – 1:2.

Öz meydanındakı 4 oyunluq qələbəsizliyə son qoyan paytaxt klubu ümumilikdə ardıcıl 4-cü dəfə qalib gəlib.

Digər tərəfdən, “Sumqayıt”la görüşdə “Neftçi”nin qapıçısı Rəşad Əzızlinin "quru seriya"sı qırılıb. O, komandasının qalib gəldiyi görüşün 38-ci dəqiqəsində Tural Axundovun penalti zərbəsini dəf edə bilməyib.

Bunadək isə Əzizli “İnter” (2:0), “Səbail” (4:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlamışdı. Son qolunu VI turun “Qəbələ” ilə matçının 40-cı dəqiqəsində Baqali Dabodan buraxan Əzizli 357 dəqiqədən sonra topu qapısında görüb.

Qeyd edək ki, bu seriya həm quru oyunların sayında, həm də dəqiqə baxımından mövsümün rekordudur.

Son xəbərlər

Orphus sistemi