"Neftçi"nin yarımmüdafiəçi: "Qarabağ"a qarşı hansı heyətlə çıxsaq, mübarizə aparmalıyıq"

"Neftçi"nin yarımmüdafiəçi: "Qarabağ"a qarşı hansı heyətlə çıxsaq, mübarizə aparmalıyıq" Qarşıda bizi çətin oyun gözləyir. Matça yetərincə yaxşı hazırlaşırıq. Əsas hədəfimiz qələbə qazanaraq aradakı xal fərqini azaltmaqdır.
Futbol
12 Sentyabr , 2019 13:33
Neftçinin yarımmüdafiəçi: Qarabağa qarşı hansı heyətlə çıxsaq, mübarizə aparmalıyıq

"Qarşıda bizi çətin oyun gözləyir. Matça yetərincə yaxşı hazırlaşırıq. Əsas hədəfimiz qələbə qazanaraq aradakı xal fərqini azaltmaqdır".

Bunu "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Namik Ələskərov Azərbaycan Premyer Liqasında IV turun "Qarabağ"la səfər matçı barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin flaqmanla görüşdən 4 gün sonra Avropa Liqasının qrup mərhələsində İspaniya "Sevilya"sı ilə keçirəcəyi görüşün bu oyuna təsir etməyəcəyini vurğulayıb: "Əslində onlar üçün fərqi yoxdur. Düşünürəm ki, bizimlə qarşılaşmaya da əsas heyətlə çıxacaq, daha sonra "Sevilya"nı düşünəcəklər. Meydanda kimin oynayacağını deyə bilmərəm. Əsas işimiz mübarizə aparmaqdır. Hansı heyətlə çıxsaq, var gücümüzlə vuruşmalıyıq".

Ələskərov "Qarabağ"a məğlub olacaqları təqdirdə, xal fərqinin böyüyəcəyini, lakin bunun çempionluğa təsir etməyəcəyini bildirib: "Düzdür, uduzsaq, xal fərqi artacaq. Amma bu, çempionluğun taleyinin həlli anlamına gəlmir. Xal itirmək və məğlub olmaq istəmirik. Hədəfimiz qalibiyyətdir. Amma bu, futboldur. 100 faiz deyə bilmərəm ki, qələbə qazanacağıq. Uduza da bilərik. Digər komandalar bizə qarşı daha istəkli oynayırlar. Bunun səbəbini bilmirəm, özlərindən soruşmaq lazımdır".

2014 - 2016-cı illərdə Ağdam klubunun formasını geyinmiş futbolçu keçmiş komandasına qarşı əsas heyətdə oynamağa hazır olduğunu sözlərinə əlavə edib: "Hələlik heyət bəlli deyil. Bilmirik ki, baş məşqçi kimlərə şans verəcək. Oynasam da, oynamasam da baş məşqçinin qərarına hörmətlə yanaşacağam. Meydanda olsam, çalışacağam ki, komanda üçün əlimdən gələni edim. Düzdür, əvvəllər "Qarabağ"da çıxış etmişəm. Amma indi bunun mənim üçün heç bir fərqi olmayacaq. Digər rəqiblərə olduğu kimi bu matça da elə baxacağam. Qələbə üçün əlimdən gələni edəcəyəm".

Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu yığmanın son iki matçına dəvət almaması barədə də danışıb: "Komanda Uelsə uduzduğu və Xorvatiya ilə heç-heçə etdiyi görüşdə yaxşı çıxış etdi. Uels də xal qazanmağa layiq idik. Xorvatiya ilə görüşdə isə yaxşı mübarizə apararaq xal hesabını açdıq. Düşünürəm ki, bu oyunlara dəvət almamağım komandamda az oynamağımla bağlıdır. Son vaxtlar çox oynamıram. Amma şans düşdükcə, əsas heyətdə möhkəmlənməyə çalışacağam ki, milliyə də dəvət alım. Yığmanın növbəti görüşlərində maksimum xal qazanmalıyıq. Bu, qalan 3 oyunun hamısında mümkündür. Xorvatiyaya qarşı necə mübarizə aparmışdıqsa, bütün rəqiblərə qarşı da elə oynamaq olar".

Qeyd edək ki, sentyabrın15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq. Bundan 4 gün sonra “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniyanın “Sevilya” komandasını qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi