Namik Ələskərov əməliyyat olunacaq

Namik Ələskərov əməliyyat olunacaq UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” klubu ilə dünən keçirilmiş ilk matçın 43-cü dəqiqəsində rəqib futbolçudan üzünə zərbə alan Namik Ələskərovun vəziyyətinə aydınlıq gəlib.
Futbol
22 İyul , 2021 18:34
Namik Ələskərov əməliyyat olunacaq
Namik Ələskərov

Yunanıstanda “Olimpiakos”a qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda rəqib futbolçudan üzünə zərbə alaraq zədələnən "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərovun vəziyyətinə aydınlıq gəlib.

"Report" xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında 26 yaşlı oyunçunun əməliiyat olunacağını bildirib.

Onun sözlərinə görə, zədə ilə əlaqədar Ələskərova əvvəlcə meydanda, sonra paltardəyişmə otağında ilkin müdaxilələr olub: "Daha sonra diaqnozun dəqiqləşdirilməsi məqsədilə stadionun yaxınlığındakı klinikaya gedərək, onun kəllə sümükləri kompüter tomoqrafiyası olundu. Nəticədə, burun qanadlarında, əng sümüyündə - frontal və yan hissədə olmaqla 3 ədəd sınıq müşahidə edildi. Xəstəxanada yenidən müdaxilələr olundu. Sonra futbolçu bizim maksimum nəzarətimizlə Bakıya gətirildi və bu gün klinikaya yerləşdirildi".

Zöhrablı deyib ki, həm üz-çənə cərrahiyyəsi həkimləri, həm də burun-boğaz üzrə uzman doktorlar əsas problemin əng sümüyündəki frontal və yan hissədə olan sınıqla əlaqədar olduğunu vurğulayıblar: "Bunun nəticəsində əng hissəyə sızan möhtəviyyat və xırda hava qabarcıqlarının ilk növbədə işlənməsi lazımdır. Burun-boğaz cərrahları ilə görüşdən sonra belə qərara gəldik ki, hazırda burun sümüklərində olan qırıqlara görə təcili əməliyyata ehtiyac yoxdur. Yəni hazırda burun çəpəri ilə bağlı ciddi narahatlıq yoxdur. Sonradan lazım olsa, rekonstruksiya və plastik məqsədilə bu əməliyyat icra edilə bilər. Amma hazırda əng sümüyündə olan deffektlə bağlı əməliyyat planlaşdırıldı. Bu əməliyyat sabah icra olunacaq. Sonra maksimum bir ay ərzində həm müalicə, həm də bərpa məsələləri həll olunacaq və Namik komanda ilə məşqlərə qoşulacaq".

Qeyd edək ki, Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Namik Ələskərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub. Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.

Ötən mövsüm Premyer Liqanın bombardiri olan futbolçu bu mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə hər iki oyununda qol vurub.

Son xəbərlər

Orphus sistemi