Mutlu Aksu Doğan: "Qısa vaxtda Azərbaycan himnini də öyrəndik" - MÜSAHİBƏ

Mutlu Aksu Doğan: "Qısa vaxtda Azərbaycan himnini də öyrəndik" - MÜSAHİBƏ "Bir neçə klub rəsmisi məni öz komandalarında görmək istədiklərini bildirib"
Futbol
5 Noyabr , 2016 12:15
Mutlu Aksu Doğan: Qısa vaxtda Azərbaycan himnini də öyrəndik - MÜSAHİBƏ

Buxarest. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının və Türkiyənin "Altınordu" klubunun milliləşdirilmiş legioneri Mutlu Aksu Doğanın “Report”un Şəriq Avropa bürosuna müsahibəsi…

- 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi başa çatdı. Azərbaycan milli komandasının bu mərhələdəki çıxışını necə qiymətləndirirsiniz?

- Millimiz Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində 3 oyun keçirdi. 2 oyunda məğlub olduq və sonuncu oyunda ev sahibi Rumıniya millisinə qalib gəldik. Düzdür, komandamız Avropa çempionatı öncəsi çox gec toplaşdı. İlk oyunlarda bəzən bir-birimizi yaxşı başa düşmürdük, topu özümüzdə yaxşı saxlaya bilmirdik. Amma buna baxmayaraq, tezliklə çox yaxşı komanda olduq.

- Hər üç oyunda Azərbaycan millisi meydana ancaq qələbə üçün çıxsa da, yalnız sonuncu turda buna nail oldu. Rumıniyaya qarşı görüşlə bağlı təəssüratlarınız necədir?

- Əlbəttə, ilkin seçmə mərhələni qələbə ilə başa vurmaq istəyirdik. Rumıniyaya qarşı daha yaxşı oynadıq. Rəqibə qol vurmaq üçün çox imkan vermədik. Topla daha çox hərəkət etdik. Hər 3 oyuna çox yaxşı hazırlaşdıq, əzmkarlıq göstərdik. Məşqçilərimiz də bu oyunlara bizi yaxşı hazırlaşdırdılar. Qrupumuzdakı rəqiblərin hər biri güclü idi, biz də onlardan geri qalmadıq. Sadəcə, bəzi oyunlarda bəxtimiz gətirmədi.

- Yığmaya yeni cəlb olunmusunuz. Millidə özünüzü necə hiss edirsiniz?

- Düzdür, milli komandaya gec qoşuldum, amma buna baxmayaraq kollektivə tez alışdım. Şərəfini qoruduğumuz "Altınordu" klubundan 4 futbolçunun milli komandaya qoşulması və bu seçmə mərhələdə iştirak etməyimiz qürürvericidir.

- Azərbaycan millisini seçməkdə təəssüflənmirsiniz?

- Xeyr, Azərbaycanı çox sevirik, hətta deyərdim ki, qısa vaxtda Azərbaycan himnini də öyrəndik. Məşqçilərin üzərimizdə əməkləri çox böyükdür. Bizə Azərbaycanı sevdirdilər. Azərbaycanlı futbolçularla yaxşı münasibətlərimiz var və bir-birimizə qısa müddətdə alışdıq.

- Hər bir futbolçu legioner həyatı yaşamağı arzulayır. Siz necə, hər hansı xarici klubdan dəvət almısınız?

- Bu turnirdə təkliflər oldu (Avropa çempionatının ilkin seçmə mərhələsi - Red). Bir neçə klub rəsmisi millimizin məşqçiləri ilə söhbət edib və məni öz komandalarında görmək istədiklərini bildiriblər. Amma konkret hansı klublardan olmaları barədə kifayət qədər məlumatım yoxdur.

Son xəbərlər

Orphus sistemi