Bakı. 6 dekabr. REPORT.AZ/ Futbol üzrə Moldova çempionatının lideri "Veris" klubu mövsümün gedişində çıxışını dayandırıb. "Report"un məlumatına görə, bu barədə klub prezidenti Vladimir Nikuleitse dekabrın 3-də ölkə kubokunun 1/4 finalında "Şerif"ə əlavə vaxtda uduzduqları oyundan sonra qərar verib.
Səbəb kimi hakim səhvləri göstərilib. Klubun saytında referi Georgi Malinovskinin oyun zamanı qəbul etdiyi mübahisəli qərarlarının videoları yerləşdirilib. Əsas narazılıq vaxtilə "Xəzər-Lənkəran" klubunda çıxış etmiş Denis Kalinkova qarşı kobudluq qarşılığında penaltinin təyin olunmaması ilə bağlı olub. Kalinkovdan əlavə, əvvəllər Azərbaycan Premyer Liqasında "Standard", "Muğan" və "Turan"da forma geyinmiş Dan Pisla "Veris"də oyunçu, "Bakı"nın sabiq futbolçusu Aleksey Savinov isə məşqçi kimi çalışırdı. Cəmi 3 il öncə təsis olunmuş Kişinyov təmsilçisi bu mövsüm Moldova çempionatında 16 turdan sonra "Daçiya" və "Şerif"i 2 xal qabaqlayırdı.
Moldova Futbol Federasiyasının qərarına əsasən, "Veris" bütün oyunçularına azad agent statusu verib, komandanın iştirakı ilə bütün nəticələr ləğv olunub və turnir cədvəli yenilənib.
Qeyd edək ki, noyabrda "Kostulen" də Moldova çempionatındakı çıxışlarını dayandırıb.