Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.
Futbol
16 Noyabr , 2022 22:53
Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

“Report”un məlumatına görə, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub. Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan Azərbaycan millisi 3-cü dəqiqədə qola yaxın olub. Lakin meydan sahiblərinin qapıçısı Dmitri Çelyadnik hesabın açılmasına imkan verməyib. 7-ci dəqiqədə Höccət Haqverdinin sol ayaqla vurduğu zərbə istənilən kimi alınmayıb. Qonaqların ilk təhlükəli hücumu 11-ci dəqiqəyə təsadüf edib. Vadim Ratsenin zərbəsində dəqiqlik çatmayıb. 20-ci dəqiqədə Musa Qurbanlının vurduğu top qapıdan aralı keçib. Cəmi 8 dəqiqə sonra isə Azərbaycan millisi istəyinə çatıb. Emin Mahmudov Ramil şeydayevin sol cinahdan ötürməsini bir toxunuşla qapıdan keçirib. Bu, 30 yaşlı yarımmüdafiəçinin yığmada 9-cu qolu olub. 37-ci dəqiqədə Anton Krivotsyuk yaxın məsafədən hesabı artıra bilməyib. Onun zərbəsindən sonra top qapı tirindən meydanı tərk edib. 40-cı dəqiqədə bu dəfə Emin Mahmudovun zərbəsi qapı dirəyindən qayıdıb. 42-ci dəqiqədə Aleksey İsayev cərimə meydançasının xaricindən dəqiq zərbə ilə 2-ci topu moldovalıların qapısından keçirib. “Sabah”ın yarımmüdafiəçisi bununla milli komandada qol hesabını açıb. İlk hissə bu hesabla baa çatıb.

İkinci yarıda da hücumlarını davam etdirən Azərbaycan millisi 56-cı dəqiqədə 3-cü qolu vurmağa yaxın olub. Amma Riçard Almeydanın zərbəsi bir qədər qeyri-dəqiq alınıb. 71-ci dəqiqədə Mahir Emreli rəqib qolkiperlə üzbəüz epizodda topu qapıya göndərə bilməyib. 80-ci dəqiqədə Viktor Stınyenin zərbəsi Şahruddin Məhəmmədəliyevin üstünə gedib. 28 yaşlı 87-ci dəqiqədə isə Virciliu Postolakinin vurduğu topu əla sıçrayışla dəf edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibləri Nikita Motspanın qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.

Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub. Yığma daha əvvəl UEFA Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

22:05

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv ilk hissədən sonra rəqibinə 2:0 hesabı ilə qalib gəlir.

21:50

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

Qolları 28-ci dəqiqədə Emin Mahmudov və 42-ci dəqiqədə Aleksey İsayev vurub.

21:46

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib.

Bu, 27 yaşlı yarımmüdafiəçinin yığmada ilk qolu olub.

21:32

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 28-ci dəqiqədə Emin Mahmudov yığmanı önə çıxarıb.

21:00

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.

"Report"un məlumatına görə, "Zimbru" stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu yığma noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi