“Səbail”in yeni transferi Mirabdulla Abbasov “Report”a müsahibə verib. Uzun müddətdir futbolsuz qalan hücumçu keçidi ilə bağlı fikirlərini bildirməklə yanaşı, qarşıdakı hədəflərini də açıqlayıb.
- Əvvəlcə “Səbail”ə transferinizlə bağlı fikirlərinizi bildirərdiniz…
- “Səbail”dən təklif gəldi və mən də razılaşdım. Özümü futbolu bitirmiş kimi hiss etmirdim. Sadəcə, Premyer Liqa təmsilçilərindən təklif yox idi deyə, klubsuz qalmışdım.
- İndiyə qədər heç bir klubun sizə maraq göstərməməsinin səbəbini nədə görürsünüz?
- Son dönəmlərdə az oynamışdım. Yəqin ki, buna görə idi. Klubların adından danışa bilmərəm. “Neftçi”dən ayrıldıqdan sonra “Səbail”ə gəlmişdim. Bu komandada az şans qazandım. Təbii ki, üzdə olmayan futbolçuya təklif gəlmir.
- Ümumiyyətlə, uzun müddət kölgədə qalmağınızın səbəbini nə ilə əlaqələndirmək mümkündür?
- Çalışıram ki, bu barədə düşünməyim, çünki olub, keçib. Hər şey geridə qalıb. Kölgədə qalmağımın çox səbəbi olub. Hazırda bununla bağlı danışmağın mənası yoxdur.
- Fiziki durumunuz hansı səviyyədədir?
- Uzun zamandır oynamırdım. Desəm ki, ideal vəziyyətdədir, yalan olar. Əlimdən gəldiyi qədər çalışıram. Az müddətdir məşqlərə başlamışam. Bu zaman ərzində yetərincə yaxşı irəliləyiş olub. Açığı, daha ağır olacağını gözləyirdim. Yaxın vaxtlarda toparlanacağıma ümid edirəm.
- Sonuncu dəfə 2023-cü ildə “İrəvan” klubunda oynamısınız. Həmin vaxtdan bəri həm Misli Premyer Liqasında, həm də I Liqada hansı dəyişikliklər olub?
- I Liqa ilə Misli Premyer Liqası arasında, mən deməsəm belə, hansı fərqlərin olduğu aşkar görünür. Premyer Liqanın özündə isə ciddi dəyişiklik yoxdur.
- “Neftçi”də çıxış edərkən ilin futbolçusu seçilmişdiniz. Ancaq məhz bundan sonra eniş yaşadınız. Sizə təsir edən əsas məqam nə oldu?
- Oynamamaq. Hər bir futbolçunun praktikası olmalıdır. Mən ilin futbolçusu seçildikdən sonra “Neftçi”yə italiyalı Canluka Sansoneni gətirdilər. Ondan sonra cəmi bir-iki oyunda meydana çıxdım. Təbii ki, bu, təsirini göstərdi. Futbolçu ancaq məşq edir və oynamırsa, istər-istəməz performans düşür. İkincisi, sən formada olduğun və qolları sıraladığın bir vaxtda o qədər də yaxşı oynamayan legioner gətirirlərsə və ona daha çox şans verirlərsə, təbii ki, həvəsdən düşürsən. Bundan sonra “Səbail”ə keçdim.
- “Səbail”in hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Komanda çətin vəziyyətdədir. Formamı bərpa edib "Səbail"in uğurları üçün çalışmağa davam edəcəyəm. İnanıram ki, birlikdə bu çətin vəziyyətdən çıxacağıq. Hədəfimiz çempionatda qalmaq və mövsümü daha yüksək pillədə bitirməkdir.
- “Səbail”lə mövsümün sonuna qədər müqavilə bağlamısınız. Bu müddət formanızı bərpa etmək və komandaya yetərincə kömək etmək üçün qısa deyil?
- Xeyr. Çətindir, amma buna hazıram. Bacardığım qədər çalışacağam ki, tez bir zamanda ən yaxşı formamı yığım.
- “İrəvan”dan ayrıldıqdan sonra xaricdə oynamaq fikriniz oldu?
- Azərbaycan çempionatında oynayıb ən yaxşı formada olsan belə, xarici klublardan təklif almaq çox çətindir. “Səbail”ə keçdikdən sonra cəmi bir neçə oyunda meydana çıxdım. Demək olar ki, mövsümün yarıdan çoxunda oynamadım. Bu vəziyyətdə xaricdə oynamaq çətindir. Deyim ki, təklif vardı, getmədim, bu da düzgün olmaz. Yalnız Azərbaycanın aşağı liqa təmsilçilərindən dəvətlər var idi, oraya da getmək istəmədim.
- Misli Premyer Liqasının cari mövsümünü necə dəyərləndirirsiniz?
- Bir futbolçu kimi çempionatı dəyərləndirməyimin mənası yoxdur. Hazırda fikrim yalnız "Səbail"ə bacardığım qədər kömək etmək, çətin durumdan çıxarmaqdır.