Millinin üzvləri: Moldovaya qarşı oyunda yaxşı nəticə üçün mübarizə aparacağıq

Millinin üzvləri: Moldovaya qarşı oyunda yaxşı nəticə üçün mübarizə aparacağıq Azərbaycan mili komandasının üzvləri Abbas Hüseynov, Namiq Ələsgərov və Rüstəm Əhmədzadə Moldova yığmasına qarşı yoxlama oyunundan danışıb.
Futbol
6 İyun , 2021 02:52
Millinin üzvləri: Moldovaya qarşı oyunda yaxşı nəticə üçün mübarizə aparacağıq

Azərbaycan mili komandasının üzvləri Abbas Hüseynov, Namiq Ələsgərov və Rüstəm Əhmədzadə Moldova yığmasına qarşı yoxlama oyunundan danışıb.

"Report" xəbər verir ki, onlar AFFA-nın rəsmi saytına açıqlamalarında bunları söyləyiblər:

Abbas Hüseynov: “Komandada çox gözəl ab-hava var. Baş məşqçinin tapşırıqlarına əsasən təlim-məşq toplanışımız davam edir. Təcrübəli çalışdırıcıdır. Onun bizdən tələb etdiyini meydanda icra etməyə çalışırıq.

Artıq iki oyun keçirmişik. Ayrı-ayrılıqda dəyərləndirsək, Türkiyəyə qarşı çox yaxşı oynadıq. Hətta ən yaxşı oyunlarımızdan biri olduğunu qeyd edə bilərəm. Əfsuslar olsun ki, qələbə qazana bilmədik.

Belarusla oyunda sübut etdik ki, biz qələbəyə layiq futbol oynayırıq. Sevindirici haldır ki, ikinci oyunda qələbə qazandıq. Moldova ilə oyuna da eyni ciddiyyətlə hazırlaşırıq. Məşqçilərin tapşırıqlarını yerinə yetirsək, inanıram ki, sabahkı (bugünkü-red) oyundan da qalib ayrılacağıq. Bu cür qələbələr komandada qələbə ruhunu artırır.

Qalib gəlmək futbolçunun özünəinam hissini artırması baxımından önəmlidir. Ümumiyyətlə, bu yoldaşlıq oyunları millinin seçmə mərhələdəki oyunlarına müsbət mənada öz təsirini göstərəcək”.

Namik Ələskərov: “Çətin mövsüm keçirdik. Futbolçularda müəyyən mənada yorğunluq hiss olunurdu. Bu təlim-məşq toplanışı bizi yenidən hazır vəziyyətə gətirdi. Plana uyğun olaraq məşqlərimizi davam etdiririk. Keçirdiyimiz iki oyunda pis təsir bağışlamadığımızı düşünürəm. Düzdür, Türkiyə ilə oyunda nəticə biz istəyən kimi olmadı, amma bunu da normal qarşılaşamaq lazımdır. Türkiyə güclü rəqibdir, üstəlik, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

Belarusla oyunda isə hesabda geridə olsaq da, dönüş yaratmağı bacardıq. Moldova ilə oyunda da yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Artıq neçə gündür sabahkı oyunu analız edirik. Mənə inanıb şans verdiyinə görə baş məşqçiyə təşəkkür edirəm”.

Rüstəm Əhmədzadə: “Hər futbolçu kimi, mən də ilk dəfə milliyə dəvət alanda yaxşı mənada təəccübləndim. Məni burada çox yaxşı qarşıladılar. Komandada çox yaxşı ab-hava var. Həm meydanda, həm meydandan kənarda hamının dəstəyini hiss edirəm. Sevinirəm ki, bu komandanın bir üzvüyəm.

Belarusla oyunda debüt etmək imkanı əldə etdim. Mən meydana daxil olan zaman komandamız hesabda geridə idi. Sevindirici haldır ki, qələbə qazanmağımızda mənim, az da olsa, payım oldu.

Milli komandadakı gələcəyimlə bağlı fikir bildirmək istəmirəm. Gələcəkdə yenidən dəvət alıb-almayacağıma məşqçilər korpusu qərar verəcək. Şəxsən öz adıma söz verə bilərəm ki, nə zaman milliyə dəvət alsam, əlimdən gələnin maksimumunu etməyə, komandaya fayda verməyə çalışacağam”.

Qeyd edək ki, futbol üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirəcək. Canni De Byazinin baş məşqçi olduğu komanda Moldova yığmasının qonağı olacaq.

Kişineudakı "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq

Son xəbərlər

Orphus sistemi