Millimizin qapıçısı: "Səfərdən 3 xalla dönməliyik"

Millimizin qapıçısı: "Səfərdən 3 xalla dönməliyik" "Yekun qərarı baş məşqçi verəcək"
Futbol
6 Mart , 2021 11:57
Millimizin qapıçısı: Səfərdən 3 xalla dönməliyik

“Moldova komandası haqqında məlumatımız çox idi. Onlarla dəfələrlə qarşılaşmışıq və oyun üslublarına bələd idik. Bir-iki dəyişikliyi istisna etsək, demək olar, heyətləri də dəyişməzdir".

"Report"un məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli evdə Moldova yığmasına 5:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə qrup oyunundan sonra azfutzal.az-a açıqlamasında deyib.

30 yaşlı qolkiper bildirib ki, baş məşqçi Joze Alesio Da Silva rəqibin Slovakiya ilə oyunlarını analiz edib. "Bir sözlə, hesab rəqibi necə incələdiyimizi göstərdi. Moldova millisi təxminən 5 dəqiqə meydanda üstünlük qazanmağa çalışdı. Onlar qapıçını meydan oyunçusu ilə əvəzləsələr də, cəmi bir dəfə qol vurmağa yaxın oldular. Bu da baş məşqçimizin rəqibi nə qədər yaxşı təhlil etdiyini göstərir”.

Hüseynli baş məşqçinin əsas tapşırığının erkən qol vurmaq olduğunu söyləyib: “Alesio Da Silva dedi ki, qol epizodlarından düzgün istifadə etməli və hesabı erkən açmalıyıq. Çünki Moldova oyunçuları müdafiəyə çox diqqət ayırırdı, sanki meydana 1 xal qazanmaq üçün çıxmışdı. Top onlarda olanda hücuma qoşulmaqdan çox, vaxtı udmağa çalışırdılar. Vurduğumuz qoldan sonra rəqib müdafiədən çıxmağa başladı. Ondan sonra biz oyuna tam diktə edən tərəf olduq və 3 xal qazandıq”.

Cavab oyununa da toxunan qapıçı bunları deyib: “Fərqli taktika ilə oynayacaqlarına inanmıram. Ola bilsin, topa nəzarət etməklə bərabər, hücumlar qurmağa çalışsınlar. İddialarını davam etdirmək üçün xal qazanmaq istəyəcəklər və buna nail olmaq üçün bütün güclərini səfərbər edəcəklər. Əslində, bu bizə sərf edir. Açıq oyun zamanı onlar boşluq verəcək, biz də bundan istifadə edəcəyik. Bu, mənim fikrimdir. Əlbəttə, yekun qərarı, tapşırığı baş məşqçi verəcək. Biz isə onun istəyini həyata keçirəcəyik. Məqsədə doğru yolda Kişineudadan da 3 xalla dönməliyik”.

Qeyd edək ki, Moldova - Azərbaycan oyunu martın 9-da olacaq.

Son xəbərlər

Orphus sistemi