Millimizin qapıçısı: "Oyunu özümüz çətinləşdirdik"

Millimizin qapıçısı: "Oyunu özümüz çətinləşdirdik" “Oyunumuz milli bayramımız olan Novruz çərşənbəsinə təsadüf etdi. Qazanılan qələbə həm də xalqımız üçün bayram hədiyyəsi oldu"
Futbol
10 Mart , 2021 12:34
Millimizin qapıçısı: Oyunu özümüz çətinləşdirdik

“Oyunumuz milli bayramımız olan Novruz çərşənbəsinə təsadüf etdi. Qazanılan qələbə həm də xalqımız üçün bayram hədiyyəsi oldu. Bu münasibətlə hər birinizi təbrik edirəm".

"Report"un məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli səfərdə Moldova yığmasını 5:3 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələsinin oyunu barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

30 yaşlı qolkiper qarşılaşmaya rəqibin daha yaxşı başladığını etiraf edib: "Sanki meydanın örtüyünə tam öyrəşməmişdik. Bizim daim məşq etdiyimiz arena ilə bu zalın örtüyü fərqlidir. Amma Moldova yığması demək olar, hər gün burda məşq etdiklərinə görə, meydana da tam uyğunlaşmışdılar. Oyun çox sürətli gedirdi. Baxmayaraq ki, ilk hissəni 1:0 hesablı üstünlüklə başa vurduq, amma fasiləyə qədər səhvlərimiz çox oldu. Rəqib real qol epizodları yaratdı. Çox şükür ki, həmin anlarda komandama kömək edə bildim. Əslində, biz hesabı açdıqdan sonra rəqib irəli atıldı və bundan istifadə etməli idik. Meydan amili sözünü dedi”.

Hüseynli millinin ikinci hissəyə daha yaxşı başlanğıc etdiyini vurğulayıb: “Başlayan kimi qol vurduq, fərqi artırdıq. Sonra isə rəqib qapıçını meydan oyunçusu ilə əvəzlədi. Bu dəfə fərqli oynadılar və qol vurmağı bacardılar”.

O, rəqibin vurduğu qollara da münasibət bildirib: “Demək olar, oyunu özümüz çətinləşdirdik. Hesabda fərq yarandıqdan sonra bir qədər arxayınlaşdıq. Səhvlər etdik, onlar da istifadə etdilər. Bakıdakı oyunda daha intizamlı çıxış etdik. Bu dəfə görüşün gedişində bir qədər pərakəndəlik oldu. Oyunumuz alınmırdı”.

Qapıçı istənilən halda nəticənin vacib olduğunu sözlərinə əlavə edib: “Qələbə vacib idi. Çünki qazandığımız nəticə bizi final mərhələsinə aparacaqdı. Bunun da öhdəsindən gəldik. Amma qalan 2 oyunu da maksimum xalla başa vurmalıyıq”.

Son xəbərlər

Orphus sistemi