Millimizin hücumçusu: "6 xal çox suala aydınlıq gətirəcək"

Millimizin hücumçusu: "6 xal çox suala aydınlıq gətirəcək" "Bakıya dünən gəlmişəm, uçuşla bağlı bir qədər yorğunluq var idi. Bu gün özümü daha yaxşı hiss edirəm. Hər şey qaydasındadır"
Futbol
2 Mart , 2021 15:19
Millimizin hücumçusu: 6 xal çox suala aydınlıq gətirəcək

"Bakıya dünən gəlmişəm, uçuşla bağlı bir qədər yorğunluq var idi. Bu gün özümü daha yaxşı hiss edirəm. Hər şey qaydasındadır".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya federasiyanın rəsmi saytına müsahibəsində Moldova ilə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunu barədə danışarkən deyib.

Braziliya əsilli hücumçu əsas diqqətlərinin martın 4-də Bakı İdman Sarayında oynanılacaq görüşdə olduğunu bildirib: "Hamımız oyun haqqında düşünürük. Moldova millisi də hazırda yaxşı formadadır. Bizi çətin qarşılaşma gözləyir. Matça hazırıq".

3-cü qrupdakı ilk iki qarşılaşmada qalib gəldiklərini xatırladan Bolinya artıq oyun təcrübələrinin olduğunu söyləyib: "Düzdür, tam heyətlə məşq keçmək üçün vaxtımız çox az oldu. Ancaq ümumi vəziyyət xeyrimizədir. Uğurlu nəticə qazanacağımıza inanıram".

34 yaşlı forvard Yunanıstanla oyunda (3:0) qol epizodlarından tam yararlana bilməQmələrinin səbəbini açıqlayıb: "Razıyam, son oyunda daha çox qol vurmalı idik. Epizodlarımız çox oldu. Sadəcə, istifadə edə bilmədik. Bu, uzun müddət belə oyunlar keçirmədiyimizdən qaynaqlanır. Amma meydana 3 xal qazanmaq üçün çıxırıq və arxada qalan 2 oyunda buna nail olduğumuza görə məmnunam. Bu çatışmazlığı da yoluna qoymalıyıq".

Moldova yığmasının oyunlarını izlədiklərini deyən Bolinya rəqibin heyətində fərqlənən futzalçıların olduğunu qeyd edib: "Onlara qarşı 3-4 matçda forma geyinmişəm və hər dəfə çətinliklə qələbə qazandığımızı vurğulamalıyam. Bu dəfə də görüş çətin keçəcək. Diqqətli olmalı, oyuna yaxşı köklənməli, vacib olan 3 xalı qazanmalıyıq. Doğma meydanda oynadığımızdan, üstünlük tərəfimizdə olacaq. Favoritik, lakin bunu meydanda göstərməliyik".

Təcrübəli oyunçunun sözlərinə görə, Moldova ilə 2 oyunda qazanılacaq 6 xal millini qarşıya qoyduğu məqsədə çatdıra bilər: "6 xal çox suala aydınlıq gətirəcək. Amma biz addım-addım məqsədə nail olmalıyıq. Hələ Moldova ilə 2 gün sonra keçirəcəyimiz oyuna köklənək. Bu görüşdə qələbə qazandıqdan sonra ikinci oyun haqqında düşünməliyik. İndidən deyə bilmərik ki, 6 xal bizimdir".

Bolinya azarkeşsiz oynamağın çətin olduğunu bildirib: "Nəzərə alsaq ki, millinin oyunları zamanı zala xeyli azarkeş gəlirdi, bunun ağırlığını başa düşmək çətin deyil. Amma dünyada baş verən proseslərin nəticəsi olaraq, belə bir qərar qəbul olunub. Ümid edirəm ki, final mərhələsinədək bu qadağalar aradan qaldırılacaq".

Qeyd edək ki, oyun saat 19:00-da start götürəcək. Bu komandalar arasında ikinci görüş martın 9-da Moldovanın paytaxtı Kişinyovda olacaq.

Son xəbərlər

Orphus sistemi