“Qələbə qazanacağımıza inanırdıq. Komanda şəklində əla oynadıq. Uşaqlar əllərindən gələni etdilər ki, uğur qazanaq. Məncə, yekun istədiyimiz kimi oldu”.
"Report"un məlumatına görə, Azərbaycan millisinin futzalçısı Hadi Ahmadi evdə Moldova yığmasına 5:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə qrup oyunundan sonra azfutzal.az-a açıqlamasında deyib. Oyun zamanı həm qol vuran, həm də məhsuldar ötürmə ilə yadda qalan Ahmadi hesabın oyuna görə olduğunu bildirib. Hücumçu startda bir qədər çətinlik çəkdiklərini söyləyib: “Rəqib pressinq edirdi. Ancaq uşaqlar baş məşqçinin tapşırdığı kimi oynadı. Biz qol vurduqca, onlar açılmağa başladılar. Yəni, müdafiə olunmağı hücum etməklə əvəzlədilər. Bu da bizim işimizə yaradı. Hesab da oyuna görə oldu”.
Millidə ilk qolunu vuran hücumçu bunu Allahın lütfü və hədiyyəsi hesab edib. Lakin o, qələbəni yalnız özünün qolu ilə qazanmadıqlarını diqqətə çatdırıb: "Komanda olaraq əziyyət çəkdik, mübarizə apardıq və yekunda məqsədimizə nail olduq. Baş məşqçi də mənə daha çox şans verdi”.
Məhsuldar ötürmə ilə də yadda qalan forvard fərqlənməyin daha çətin olduğunu qabardıb: “Qol vurmaq daha çətindir. Həm də həmin anda düzgün qərar qəbul etmək vacibdir. Səndən daha yaxşı mövqedə komanda yoldaşın varsa, niyə ötürmə etməyəsən? Komanda oyununda fərd olaraq özümüzü deyil, kollektivi düşünməliyik”.
Ahmadi cavab oyununa da 3 xal qazanmaq üçün gedəcəklərini deyib: “Səfərdəki oyun daha çətin keçəcək. Rafael Vilela da cəzalı vəziyyətə düşüb və bu görüşdə iştirak etməyəcək. Çətinlik yarada bilər, ancaq digər komanda yoldaşlarım da yaxşı formadadırlar. Bu şəkildə oyunumuzu davam etdirsək, Kişinyovdan da qələbə ilə dönəcəyik və bu yarışı zirvədə başa vuracağıq”.
Qeyd edək ki, Moldova - Azərbaycan oyunu martın 9-da olacaq.