Millimizin futbolçusu: "Sevincimizə sevinc qatmaq istəyirik"

Millimizin futbolçusu: "Sevincimizə sevinc qatmaq istəyirik" Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Elvin Camalovun "Report"a müsahibəsi
Futbol
582
11 Noyabr , 2020 16:45
Millimizin futbolçusu: Sevincimizə sevinc qatmaq istəyirik
Elvin Camalov

Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Elvin Camalovun "Report"a müsahibəsi

- Yığma komanda bu gün Sloveniya ilə yoldaşlıq oyunu keçirəcək. Bu görüşdə nəticə nə dərəcədə vacibdir?

- Matça yaxşı əhval-ruhiyyə ilə hazırlaşmışıq. Bütün kollektiv qarşılaşmaya rəsmi oyun kimi yanaşır. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Sloveniya ilə matç Millətlər Liqasında Monteneqro və Lükseburqla oyunlar üçün komandaya nə verəcək?

- Yoldaşlıq oyunundan sonra iki vacib matçımız olacaq. Digər iki rəqibi də analiz etmişik. Sloveniya ilə dueldən sonra həmin oyunlara maksimum köklənməliyik. Üç oyundan sonra ölkəmizə yaxşı nəticə ilə qayıtmaq istəyirik.

- Canni De Byazi baş məşqçi təyin olunandan sonra yığmanın əsas oyunçularından birinə çevrilmisiniz. Bunu gözləyirdinizmi?

- Komandada tez-tez hər şey dəyişə bilər. Demək olar ki, hər gün öz üzərimdə işləyirəm. Özümü məşqlərdə, oyunlarda maksimum dərəcədə yaxşı göstərmək istəyirəm ki, yığmada qalaraq, daim əsas oyunçulardan biri olum. Bunun üçün dayanmadan öz üzərimdə işləməli, çalışmalıyam.

- Millətlər Liqasında növbəti mərhələyə vəsiqə əldə etmək üçün çox az şans qalıb. Uğursuzluğun səbəbini nədə görürsünüz?

- Qarşıda iki oyunumuz var. Diqqətimizi onlara yönəlmişik. Bu səbəbdən, düşünürəm ki, bu suala cavab vermək üçün hələ tezdir.

- Əvvəlki görüşlərdə istədiyiniz nəticələri qazanmağa nə mane oldu?

- Biz də istərdik ki, matçlarımızı evdə keçirək. Hamı milli komandadan yaxşı nəticələr gözləyir. İstəyirik ki, azarkeşləri yaxşı nəticələrlə sevindirək. Sadəcə oyunlarımız gərgin vaxtlara düşdü, ürəyimiz əsgərlərimizin yanında - cəbhədə idi. Qarşıdakı oyunlarda qələbə qazanaraq sevincimizə sevinc qatmaq istəyirik.

- Qarabağ münaqişəsi və Azərbaycanın qələbəsi barədə nə deyə bilərsiniz?

- Nə söz desəm də, onu anlatmaq çətin olacaq. Sevinirəm ki, biz bu qələbənin, birliyin, mübarizliyin canlı şahidi olduq. Qələbə bizə göstərdi ki, Azərbaycan xalqı birdir və gələcək nəsillərimiz qələbə əzmi ilə mübariz böyüyəcəklər. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, diləyirəm.

Son xəbərlər

Orphus sistemi