Millimizin ən çox tənqid olunan futbolçusu: "Hamımız cavab verməliyik" - MÜSAHİBƏ

Millimizin ən çox tənqid olunan futbolçusu: "Hamımız cavab verməliyik" - MÜSAHİBƏ Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlovun "Report"a müsahibəsi
Futbol
31 Mart , 2021 14:02
Millimizin ən çox tənqid olunan futbolçusu: Hamımız cavab verməliyik - MÜSAHİBƏ

Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlovun "Report"a müsahibəsi

- DÇ-2022-nin seçmə mərhələsində Bakıda Serbiya yığmasına 1:2 hesabı ilə məğlub oldunuz. Görüş barədə nə deyə bilərsiniz?

- Çətin və gərgin oyun oldu. İlk dəqiqələrdə bir az çətinliklərimiz var idi. Amma sonradan oyunumuzu yavaş-yavaş düzəltdik. Matça nəzarət heç də onların tərəfində deyildi, bərabər oyun gedirdi. İlk yarıda geriyə düşsək də, fasilədən sonra bərabərlik qolunu vura bildik. Çalışdıq ki, rəqibi təzyiqdə saxlayaq. Amma bilirdik ki, onlar səviyyəli komandadır və yaxşı futbolçuları var. 1:1-dən sonra qələbə qazanmaq niyyətində idik. Önə keçmək istəsək də, alınmadı və ikinci topu buraxdıq. Bilirdik ki, rəqib səviyyəli komandadır. İkinci qolda mən sığortalaya bilərdim. Rəqibə zərbə üçün imkan verməməli idim. Mənim səhvim oldu. Ona görə komandadan, məşqçilər heyətindən, azarkeşlərdən, qələbə gözləyənlərdən üzv istəyirəm. Səhv etdim, günahkaram. Rəqibi saxlamalı idim, amma alınmadı. Çalışmalıyıq ki, növbəti oyunlarda bunu təkrarlamayaq.

- Bir çoxları buraxılan həmin qolda məhz sizi günahkar bilirlər. Bu, sizə necə təsir edir?

- Mən azarkeşləri başa düşürəm. Hamı bizdən qələbə istəyir. Biz isə hamıdan çox istəyirik ki, yaxşı nəticələr əldə edək, qalib gələk. Bilirəm ki, üzərimdə təzyiq həmişə olub və olacaq. Niyəsini bilmirəm. Amma buraxılan qola toxunsaq, müdafiəçi kimi bu topun qabağını kəsməli idim ki, zərbə getməsin. O topu çıxartmaq mümkün idi, amma yanımdan keçdi. Bunun üzərində daha çox işləməli və belə şeylərə fikir verməliyəm.

- Bu cür rəqiblərə qarşı oynamağa özünüzü hazır hiss edirsiniz?
- Əlbəttə hazıram. Əvvəllər millidə oynamağa başlayanda demişdilər ki, Elvin yığma komanda üçün yaxşı müdafiəçi deyil. Biz bir neçə oyunda qol buraxmadıq, etibarlı çıxış edirdik və müdafiəni düzəltmişdik. İki-üç oyun yaxşı çıxış edəndə deyirlər ki, müdafiə yaxşıdır. Amma qol buraxanda deyirlər ki, zəifdir. Futboldur, həmişə belə olacaq. Mənə "Yığmada oynamağa hazırsanmı" sualını ünvanlayanda cavab verirəm ki, bəli. Əlimdən gələni edəcəyəm ki, yığmada oynayım. 90 dəqiqə və ya 5-10 dəqiqə, fərq etməz. Həmişə bu formanı geyinməyə hazıram.

- Siz əvvəlki baş məşqçilərin diqqətini cəlb edə bilməmişdiniz. Necə oldu ki, məhz Canni De Byazinin əvəzolunmaz futbolçularından birinə çevirildiniz?
- De Byazi tək mənə yox, 30 nəfərə dəvət göndərmişdi. Məşqlərdə, oyunlarda futbolçulara baxır. Demək olar ki, hamıya toplanışlarda, məşqlərdə şans verilir. Yəqin ki, məşqlərdə və oyunlarda özümü doğrultmuşam və məndən razı qalıb. Onu pis vəziyyətdə qoymaq istəmirdim. İlk oyunlarımda pis çıxış etmədim. Amma super də oynamırdım. Çalışdım ki, maksimum əlimdən gələni edim. Özümə inam gəldi. Baş məşqçi də mənə güvənirdi. Hər şey özümdən asılıdır. Baş məşqçi kimə şans versə, maksimum istifadə etməlidir. Mənim kimi siyahıda aralarında gənclər də olmaqla, 30 nəfər var. Baş məşqçi hamını izləyir, Premyer Liqanın oyunlarında və klubların məşqlərində olur. Bu, yaxşı cəhətdir. Baş məşqçi oyunçulara yaxındır. Ona yalnız təşəkkür düşür. Kimə şans verilsə, maksimum istifadə etməlidir.

- Azərbaycan futbolunda mərkəz müdafiəçisi mövqeyində bir qədər kasadlıq var. Rəşad Sadıqovdan sonra belə məsuliyyətli mövqedə oynamağa tam hazırsınızmı və məsuliyyəti üzərinizə götürərək, uzun müddət çıxış edə bilərsinizmi?
- Hazırda Rəşad Sadıqov kimi səviyyəli müdafiəçi yoxdur və bəlkə də olmayacaq. Biz hamımız çalışmalıyıq ki, onun kimi lider olaq və oyun xüsusiyyətlərini götürək. Necə olacağımızı gələcək göstərəcək. Belə oyunçu çıxacaqmı, bizdə alınacaqmı, deyə bilmərəm. Hamı istəyir ki, onun kimi karyerası və xarakteri olsun. Sadıqovun oyun üslubunu mən də çox bəyənirdim. Boyu uzun olmasa da, çox savadlı müdafiəçi idi. İnanıram ki, belə müdafiəçiyə və liderə çevrilə biləcəyəm. Tək mən yox, müdafiəçilərin hamısı istəyər ki, belə oyunçu olsun. Alınıb-alınmayacağını gələcək göstərəcək.

- Bəlkə Be Byazi sizə cüssəli olduğunuz üçün mərkəz müdafiəçisi mövqeyində şans verir?
- Bunu baş məşqçidən soruşmaq lazımdır. Oyunlarda və məşqlərdə maksimum əlimdən gələni edirəm, çalışıram. Yəqin ki, baş məşqçi ona uyğun qərar verir. Yalnız bunu deyə bilərəm ki, baş məşqçi komanda üçün ən yaxşısını edir. Hamı istəyir ki, qələbə qazanaq, xal yığaq. Belə suallara baş məşqçi daha yaxşı cavab verə bilər.

- Kapitan Maksim Medvedevin sözlərinə görə, Serbiya ilə oyunda hər bir futbolçuya fərdi tapşırıq verilib. Sizə nə tapşırıq verilmişdi?
- De Byazi hər oyundan əvvəl bizimlə fərdi söhbətlər edir. Fərdi olmasa belə, komanda şəklində motivasiya verir, qarşılaşmaya istəkli çıxırsan. Müdafiəçilərə deyir ki, mübarizələrdə uduzmayaq, sığortalayaq. Biz də çalışır və əlimizdən gələni edirik ki, arxada təmiz oynayaq, az top buraxaq, daha çox hücuma keçək. Hələ bir ildən az müddətdir ki, birlikdəyik. Yava-yavaş çatışmazlıqları aradan qaldıracağıq.

- Sizə Aleksandar Mitroviçlə bağlı xüsusi tapşırıq verilmişdimi?
- Görüşdən əvvəl rəqibi analiz edirdik. Tək Mitroviçlə yox, Duşan Tadiç və digər oyunçulara baxırdıq. Onların keyfiyyətlərini görür və bilirdik ki, fiziki cəhətdən güclü futbolçulardır. Mitroviç İngiltərənin "Fulhem" klubunda çıxış edir. Hamısı hava toplarında yaxşıdırlar. Onları maksimum analiz etmişdik. Çalışdıq ki, Mitroviçi bağlayaq, amma iki şans verdik. Onlardan da istifadə etdi. Mitroviçin səviyyəsi var. Biz burada "belədir-elədir" danışa bilərik, amma fakt odur ki, həmin hücumçu İngiltərədə oynayır. İki toxunuşla iki qol vurdu. Artıq hərəkət etmədi. Etsəydi, onu bağlayardıq və qol vura bilməzdi. Amma təbii ki, biz də ona zərbə üçün icazə verməməli idik. Təəssüf ki, alınmadı. Səviyyə öz sözünü dedi.

- De Byazi mətbuat konfransında bildirdi ki, futbolçular sonadək çatdırmırdılar. Adətən, müdafiəçilər oyunu daha aydın görürlər. Sizcə, hansı futbolçular sonadək oynaya bilmədilər?
- Biz çalışdıq ki, rəqibi təzyiqdə saxlayaq, ön xəttə sıxaq və pressinq edək. Amma onlar bundan yayına bilirdilər. Bizim pressinqimiz hərdən bəhrəsini verirdi. Amma çox güc sərf edirdik. Çünki komandanın üçüncü matçı idi. Daha sonra başa düşdük ki, 90 dəqiqə pressinq edə bilmərik. Rəqib hücuma rahat çıxır və biz güc sərf edirik. Müdafiədən bunu görürdüm. Baş məşqçi bizə tapşırdı ki, ikinci yarıda kompakt oynayaq, pressinqə çox güc sərf etməyək.

- Sizdən əvvəl yığmanın digər üzvü Azər Salahlı da nəticəyə görə üzr istədi. Sizcə, üzrxahlığı millinin aparıcı və təcrübəli futbolçuları etməli deyilmi?
- Mən deməzdim ki, qarşılaşmada Azər Salahlının səhvi oldu. Səhv ötürmə veribsə, arxada biz varıq, sığortalamaq lazım idi. Alımadı. Əsas odur ki, komanda dərk edir. Dərk edirik ki, səhv etmişik. Səhv deyəndə onu nəzərdə tuturam ki, daha yaxşı oynamaq olardı. Daha diqqətli olmalı idik. Bizim komandanın oyunçularının çoxu cavandır. Gələcəkdə çox illəri var. Belə səhvlərdən nəticə çıxarmalıyıq. Düşünürəm ki, hamımız birlikdə daha çox işləməliyik. Deməzdim ki, təcrübəli oyunçular məsuliyyəti öz üzərlərinə götürmürlər. Maksim Medvedev bizim kapitanımızdır, həmişə komandanın arxasındadır və bizimlə bir yerdədir. Deməzdim ki, o belə addım atmır. Hamımız birik, hamımız uduzmuşuq və hamımız cavab verməliyik, verəcəyik. İnanıram ki, daha yaxşı nəticələr qazanacağıq.

- Futbolçularımız legioner həyatı yaşamadıqları üçün tənqid edilir. Siz növbəti dəfə ölkə xaricində çıxış etmək istəyirsiniz?
- Əlbəttə, Avropada oynamaq istərdim. Xaricdə çıxış etmək hamımız - həm milli, həm də futbolçudur üçün yaxşıdır. Onda inkişaf da olur. Kim istəmir ki, ölkə xaricində oynamasın. Hamı istəyər, amma reallıq odur ki, təklif yoxdursa və ya olan təklif bizim klublarımızdan sərfəli deyilsə, futbolçu xaricə getmir. Real təklif olsa, bizi istəsələr, tək mən yox hamı gedər. Niyə getməyək ki?!

Son xəbərlər

Orphus sistemi