"Bura gələndə bilirdik ki, oyun çətin keçəcək. Çünki rəqibimizin ancaq qələbə qazanmaq üçün mübarizə aparacağı bəlli idi".
"Report"un məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Slovakiya ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
Braziliyalı mütəxəssis yığmanın heyətində 4 əsas oyunçunun meydana çıxmadığını bildirib: "Ramiz Çovdarovun da yüngül zədəsi var idi. Ona görə də, taktiki planda dəyişikliklər etdik, müdafiədən oynadıq. Meydandakı nizam-intizam da çox vacib idi".
53 yaşlı baş məşqçi yaxşı nəticə qazandıqlarını söyləyib: "Matça ciddi hazırlaşmışdıq. Uşaqlar ancaq qələbə qazanmaq üçün mübarizə aparırdılar. Demək olar, tapşırıqlarımı yerinə yetirdilər. Qazandığımız 1 xal sayəsində birinci pilləni təmin etdik".