Millimizin baş məşqçisi: "Heyətdə problemlər var"

Millimizin baş məşqçisi: "Heyətdə problemlər var" "Hazırlığa başlayan zaman da bilirdik ki, Slovakiya ilə oyun çətin keçəcək"
Futbol
13 Aprel , 2021 14:45
Millimizin baş məşqçisi: Heyətdə problemlər var

"Hazırlığa başlayan zaman da bilirdik ki, Slovakiya ilə oyun çətin keçəcək. Onlar qələbə qazanmaqla ikinci pillədəki mövqelərini möhkəmlətmək, həm də Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirdilər".

"Report"un məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Slovakiya ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Braziliyalı mütəxəssis həmin matça ciddi hazırlaşdıqlarılnı bildirib: "Təəssüf ki, tam heyətlə səfərə çıxa bilmədik. İtkilərimizlə bərabər, səfər də əleyhimizə işlədi. Təxminən 13 saat yolda olduq. Çətinliklərə baxmayaraq, yaxşı nəticə qazandıq. Buna görə də oyunçularımı təbrik edirəm. Qazandığımız 1 xal qrup liderliyini təmin etməyimizə kifayət etdi".

Onun sözlərinə görə, son turun Yunanıstanla oyunu öncəsi də heyətdə problem var: "Bu da zədəli oyunçularla bağlıdır. Tyaqo Bolinya və Hadı Əhmədinin meydana çıxıb-çıxmayacağını bilmirik. Buna oyun günü qərar verəcəyik. Qalan futzalçılarımız şans veriləcəyi təqdirdə meydana çıxmağa hazırdırlar".

Alesio komanda üzvləri ilə söhbət etdiyini və onlara oyuna ciddi yanaşmaqlarını tapşırdığını söyləyib: "Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz. Bu görüşdəki nəticə bizə reytinq əmsallarını artırmaq baxımından vacibdir. Çətin olacaq, amma ümid edirəm ki, meydanı istədiyimiz nəticə ilə tərk edəcəyik".

Qeyd edək ki, aprelin 14-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Yunanıstan matçı saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi