"Qələbə və final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə komandamı təbrik edirəm".
"Report"un məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Bakıda Yunanıstan yığmasını 4:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
Braziliyalı mütəxəssis yaradılan şəraitə görə AFFA və Azərbaycan Futzal Federasiyasının rəhbərliyinə təşəkkür edib: "Təxminən iki aydan bir qədər artıq idi ki, məşq edir, oyunlar keçirirdik. Komanda indi-indi mən istəyən oyunu göstərməyə başlamışdı. Əlbəttə, mövcud çətin vəziyyətdə bizə kömək etdiyinə görə AFFA və futzal federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Uzun fasilədən sonra biz ağır məşqlər keçdik, tədricən toparlanmağa başladıq".
Baş məşqçi bildirib ki, işin öhdəsindən gəlsələr də, çox işləməlidirlər: "Avropa çempionatının final mərhələsi çox çətin keçəcək. Oraya daha güclü komandalar vəsiqə qazanıb. Ümid edirəm ki, pandemiya tezliklə başa çatacaq və rahat şəkildə məşqlər edəcəyik".
Yunanıstan milli komandasının baş məşqçisi Yannis Ziavas isə bildirib ki, Azərbaycan yığmasının güclü komanda olmasından əvvəlcədən xəbərdar olublar: "Bu komandanın heyətində istedadlı, fərdi oyun keyfiyyətlərinə görə seçilən futzalçılar yer alıb. Biz də çalışdıq öz oyunumuz oynayaq, tamaşaçılar meydanda baxımlı futzal izləsinlər. Bacardığımızı etdik".
Ziavas belə oyunların təcrübə toplamaq baxımından vacibliyinə diqqət çəkərək, Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə uğurlar arzulayıb.