Milli üzvü: "2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq"

Milli üzvü: "2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq" "Çox çətin qrupa düşmüşük"
Futbol
277
11 Yanvar , 2022 09:17
Milli üzvü: 2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq

"Çox çətin qrupa düşmüşük".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Vassura Niderlandda keçiriləcək Avropa çempionatı ilə bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.

37 yaşlı oyunçu qrupdakı İspaniya yığması haqqında danışmağın artıq olduğunu bildirib: "Ancaq onlara qarşı da mübarizəmizi apracağıq. İspaniyalılar futzalda hegemon olsalar da, biz heç bir rəqibdən çəkinmirik. Gürcüstan indi-indi bu cür turnirə qatılır. Qrupda ilk oyun çox vacibdir. Gürcüstanla matçda mütləq qələbə qazanmalıyıq. Onların heyətində də yeni futzalçılar var".

Vassura bu cür yarışlarda daha çox təcrübəyə malik olduqlarını sözlərinə əlavə edib: "Artıq 6-cı dəfə final mərhələsində iştirak edəcəyik. Gürcüstan yığması isə ilk dəfə belə yarışa çıxacaq. Təcrübəmiz çox olsa da, bu, hər şey demək deyil. Yadınıza gəlirsə, millimiz ən yaxşı nəticəsini məhz debüt ilində qazanmışdı. İnanıram ki, 2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq. Nəticəmizi yaxşılaşdıracağıq. Məqsədimiz yarışın son gününə qədər orada qalmaqdır. Özümü buna hazır sayıram".

O, komandanın dünən toplanışa başladığını, özünün isə səhərə yaxın Bakıya çatdığını xatırladıb. Braziliyalı legioner ilk məşqin hər zaman çətin olduğunu, hər məşqdən maksimum faydalanmağa çalışdıqlarını söyləyib: "Vaxtımız çox azdır. Bakıda bir həftəyədək hazırlıq keçəcəyik. Daha sonra Belçikaya gedəcək və orada bir yoldaşlıq matçında gücümüzü sınayacağıq. Həmin görüş rəsmi oyunlara nə dərəcədə hazır olduğumuzu göstərəcək. Yenə deyirəm, qalan vaxtımız çox azdır. Joze Alesionun istəyini yerinə yetirmək üçün 2-3 həftə məşq etmək lazımdır. İndi bizim buna imkanımız yoxdur".

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi