İtaliya A Seriyasının son turunda UEFA Çempionlar Liqasına vəsiqə verən bütün 4 vəsiqənin taleyinə aydınlıq gəlib.
"Report"un məlumatına görə, turun mərkəzi görüşü "Atalanta" və "Milan" arasında keçirilib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu 43-cü və 90+2-ci dəqiqələrdə penaltidən Frank Kessi vurub.
Beləliklə, "Milan" xalını 79-a çatdıraraq, gümüş medalçı olub və 8 ildən sonra Çempionlar Liqasına yüksəlib. 78 xala malik "Atalanta" isə 3-cü pilləyə enərək, bürünc mesalla kifayətlənib.
Daha 2 diqqətçəkən qarşılaşma 4-cü yerin sahibinin tapılması baxımından önəmli olub. "Napoli" öz meydanında "Verona" ilə 1:1 hesablı heç-heçə edərək, 77 xalla 5-ci pilləyə enib. 60-cı dəqiqədə meydan sahiblərindən Amir Rrahmani hesabı açsa da, 9 dəqiqə sonra Marko Faraoni Neapol təmsilçisini büdrədib.
Əvəzində "Yuventus" səfərdə "Bolonya"nı 4:1 hesabı ilə darmadağın edərək, 78 xalla 4-cü pilləyə yüksəlib. Hesabı 6-cı dəqqiqədə Fereriko Kyeza açıb. "Qara-qırmızılar"ın üstünlüyünü 29-cu dəqiqədə Alvaro Morata artırıb. 45-ci dəqiqədə Adrien Rabyo komandasının üçüncü qolunu vurub. 47-ci dəqiqədə Morata yenidən fərqlənərək, "dubl" edib. Meydan sahiblərinin təsəlli qoluna 85-ci dəqiqədə Rikkardo Orsolini imza atıb.
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu bu görüşdə oynamasa da, 29 qolla A Seriyasının bombardiri olub. Portuqaliyalı hücumçu bu nailiyyəti son 3 mövsümdə ilk dəfə əldə edib.
Bununla da Turin komandası "İnter", "Milan" və "Atalanta" ilə birgə Çempionlar Liqasına yüksəlib.