İtaliya A Seriyasında XI turun mərkəzi görüşü "Roma" və "Milan" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, paytaxtın "Olimpiko" stadionunda təşkil olunmuş matç qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 26-cı dəqiqədə Zlatan İbrahimoviç açıb. 40 yaşlı hücumçu cərimə zərbəsindən fərqlənərək, A Seriyasında 150-ci, karyerasında 400-cü qolu vurub.
58-ci dəqiqədə isə Frank Kessi penaltini dəqiq yerinə yetirib.
66-cı dəqiqədə "Milan"ın daha bir futbolçusu Teo Ernandes ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. "Roma" toplardan yalnız birinin əvəzini çıxa bilib. 90+3-cü dəqiqədə Stefan El-Şaravi fərqlənib.
Bu qələbə sayəsində xalını 31-ə çatdıran "Milan" 2-ci pillədə qalıb. Lider "Napoli" də eyni miqdarda xala malikdir. 19 xalı olan "Roma" isə 5-ci pilləyə enib.