Milan Obradoviç: “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir”

Milan Obradoviç: “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir” Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Milan Obradoviç Türkiyənin paytaxtı Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt”ın qonağı olub.
Futbol
29 İyul , 2019 14:15
Milan Obradoviç: “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir”

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Milan Obradoviç Türkiyənin paytaxtı Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt”ın qonağı olub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı mütəxəssis komandanın məşqini izlədikdən sonra fikirlərini bölüşüb: “Bir neçə gün ərzində Türkiyədə oldum. Ankaranın Qızılcahamam bölgəsində klublarımızın məşqçi heyəti ilə görüşdüm, məşq proseslərini izlədim. Əsas məqsədim U-21 millimizin futbolçularının hazırkı durumunu öyrənmək idi. "Sumqayıt"a gəldikdə isə bu klubun 2 məşqini meydançadan canlı izlədim. Məni maraqlandıran o idi ki, U-21-in futbolçuları hansı mövqedə özlərini daha yaxşı göstərir. Bu barədə klubun baş məşqçisi ilə də söhbətim oldu. Ümumilikdə futbolçuların zəif və güclü tərəflərini izləməyə çalışdım. “Sumqayıt” klubu olduqca intensiv və dinamik məşqlər edir, özlərini maksimum şəkildə göstərməyə çalışırdılar”.

Obradoviçin sözlərinə görə, “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir: “Burada məni çox sevindirən bir sıra məqamlar oldu. Gənclər daha təcrübəli futbolçulardan nələrisə öyrənməyə çalışırdılar. Bu komandada gənc futbolçuların sayı digərlərinə nisbətən daha çoxdur və gənclərin ilk “11-lik” üçün var qüvvə ilə çalışdığını gördüm ki, bu da məni çox sevindirdi. Bütün gənclər dərk edir ki, artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdır. Onlar daha çox öz üzərlərində işləyib, əsas komandanın əsas üzvünə çevrilməyə çalışmalıdırlar. Baş məşqçi Ayxan Abbasov ilə fikir mübadiləsi apardım. O da heyətdə yer alan gənclərə inandığını, onların daha səylə çalışdığını bildirdi. Komandanın strategiyası məni çox qane edir. Çünki “Sumqayıt”da gənc futbolçulara daha çox şans verilir. Bu da milli komandamızın xeyrinə olan amillərdəndir".

Qeyd edək ki, Obradoviç və köməkçi-məşqçi Vladimir Kozul iyulun 24-dən 28-dək Türkiyədə təlim-məşq toplanışında olan Premyer Liqa klublarından “Sumqayıt”, “Zirə” və “Sabah”ın məşq prosesini və yoxlama oyunlarını izləyib, komandaların baş məşqçiləri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi