Məşqçilər Komitəsi Azərbaycanın aşağı yaş qrupundan ibarət yığmaları ilə bağlı AFFA-ya hesabat təqdim edib.
Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin sabiq baş məşqçisi Yaşar Vahabzadə deyib.
O, son vaxtar xüsusən də aşağı yaş qruplarından ibarət komandaların fəaliyyəti ilə maraqlandıqlarını söyləyib:
“Son vaxtlar oyunlarla əlaqədar aşağı yaş qrupundan ibarət millilərin baş məşqçiləri ilə görüşmüşük. Komandalarla maraqlandıq. Böyük hesabat hazırlayıb AFFA rəhbərliyinə təqdim etdik”.
Mütəxəssis milli komandaların nəticələrinə toxunub:
“U-19 və daha aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən çempionatların səviyyəsi yüksək deyil. Oyunlara baxanda görünür ki komandalar həm taktiki, həm də texniki cəhətdən çox geri qalırlar. Baxmayaraq ki, məşqçilər ən yaxşı futbolçuları seçib milliyə dəvət edirlər. Futbolçular klublardan yığmaya hazır gəlməlidirlər. Biz futbolçuları sırf Azərbaycan çempionatı üçün hazırlayırıq. Liqalarda nəticələri görürsünüz, böyük hesablar qeydə alınır. Çempionatın səviyyəsi yüksəlməyincə, uşaqlar da inkişaf etməyəcəklər. Çempionatlarda rəqabət aşağıdır. Uşaqlar əsasən də fiziki cəhətdən çox geri qalırlar. Bütün bunlar da sonda yığmanın başında “çatlayır”. Gözə görünən də bu olur".
Y.Vahabzadə çıxış yolunu göstərib:
"Millimizi məğlub görməmək üçün futbolçularla fərdi şəkildə işləmək və bunun üçün yüksək şərait lazımdır. Meydanların da hansı vəziyyətdə olduğunu bilirsiniz. Problemlər çoxdur”.