Məşhur baş məşqçi Çin yığmasından ayrılacağını açıqlayıb
- 01 noyabr, 2018
- 13:33
Bakı. 1 noyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya milli komandasının sabiq baş məşqçisi Marçello Lippi Çin yığmasından ayrılacaq.
"Report" xəbər verir ki, bu barədə 70 yaşlı mütəxəssis "Corriere dello Sport"a açıqlamasında bildirib.
Lippi 6 il çalışdığı ölkə millisi ilə yollarını Asiya Kubokundan sonra ayıracağını vurğulayıb: "Mən sabah uçuram. Federasiya mənə 4,5 illik yeni müqavilə təklif etdi, amma imtina etməyə qərar verdim. Evə getmək və bir müddət orada qalmaq lazımdır. Mükəmməl arzu və motivasiya ilə işləmək üçün batareyanı doldurmaq lazımdır. Klublarla işləməkdən ömürlük uzaqlaşdım. Lakin Avropada hansısa milli komandaya və Birləşmiş Ərəb Əmirlikləri yığmasına rəhbərlik etməyi nəzərdən keçirə bilərəm".
Qeyd edək ki, İtaliya milli komandası 2006-cı ildə Marçello Lippinin rəhbərliyi altında dünya çempionu olub. Lippi 2012 - 2014-cü illərdə Çinin “Quançjou Everqrand” klubuna, 2016-ci ildən isə Çin yığmasına rəhbərlik edir.