Bakı. 27 mart. REPORT.AZ/ "Biz səviyyə baxımından Azərbaycan yığmasından ikiqat güclüyük".
"Report"un məlumatına görə, bunu Almaniya yığmasının futbolçusu Mats Hummels 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan milli komandası üzərində qazandıqları 4:1 hesablı qələbə barədə fikirlərini RTL telekanalı ilə bölüşərkən deyib.
"Bavariya" klubunda forma geyinən 29 yaşlı müdafiəçi bildirib ki, oyun bir qədər çətin alınıb. O, səviyyə fərqinin həlledici olduğunu qeyd edib: "Bir qədər özümüzdən razı oynadıq və bu, yaxşı hal deyil. Ona görə də çətinlik çəkdik. Lakin səviyyə fərqi nəticə üçün həlledici oldu".
Qeyd edək ki, Almaniya yığması 5 turdan sonra 15 xalla C qrupunda liderliyini davam etdirir. Aktivində 7 xal olan Azərbaycan yığması isə 1 pillə geriləyərək, 4-cü sıraya düşüb.