"Mançester Yunayted" və "Çelsi" Çempionlar Liqasında

"Mançester Yunayted" və "Çelsi" Çempionlar Liqasında Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizəyə yekun vurulub.
Futbol
26 İyul , 2020 21:02
Mançester Yunayted və Çelsi Çempionlar Liqasında

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizəyə yekun vurulub. 

"Report"un məlumatına görə, XXXVIII turda əsas diqqətlər "Lester" - "Mançester Yunayted" matçına yönəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları 71-ci dəqiqədə Brunu Fernandeş və 90+8-ci dəqiqədə Cessi Linqard vurub. Bununla da "qırmızı şeytanlar" xallarını 66-ya çatdıraraq, Çempionlar Liqasına üçüncü vəsiqənin sahibi olublar. Dördüncü vəsiqəyə isə evdə "Vulverhempton"u 2:0 hesabı ilə yenən "Çelsi" eyni xalla sahib çıxıb. Bu görüşdə isə qolları 45+1-ci dəqiqədə Meyson Maunt və 45+4-cü dəqiqədə Olivye Jiru vurub. 

Çempion "Liverpul" bu tur səfərdə "Nyukasl"ı 3:1 hesabı ilə məğlub edərək, 99 xal toplayıb. İkinci yeri "Norviç"i 5:0 hesabı ilə yenərək, xalını 81-ə çatdıran "Mançester Siti" tutub. 

"Lester" 62 xalla 5-ci, "Kristal Pelas"la səfərdə 1:1 hesablı bərabərə qalan "Tottenhem" 59 xalla 6-cı olub. Hər iki komanda Avropa Liqasına yüksəlib. Son vəsiqənin sahibi isə avqustun 1-də İngiltərə Kubokunda "Çelsi" və "Arsenal" arasında keçiriləcək final matçının nəticəsinə əsasən müəyyənləşəcək. 

Bu tur "Vulverhempton" uduzsa da, 59 xalla 7-ci yeri tutub. "Arsenal" isə "Uotford" üzərində qələbə qazanmasına baxmayaraq, 8-ci yerlə kifayətlənib. Lakin "topçular" "Çelsi"ni yenməyi bacarsa, Avropa Liqasında iştirak hüququna yiyələnəcək. Əks halda, bu vəsiqəyə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" yiyələnəcək. 

"Qarabağ"ın keçmiş qapıçısı Asmir Beqoviçin müqavilə üzrə məxsus olduğu "Bornmut" bu tur səfərdə "Everton"a 3:1 hesabı ilə qalib gəlsə də, 34 xalla 18-ci yeri tutub. Nəticədə "Bornmut" eyni xala malik "Uotford" və 21 xalı olan "Norviç"lə birgə Premyer Liqanı tərk edib.

Premyer Liqada bombardir adına isə "Lester"in hücumçusu Ceymi Vardi 23 qolla yiyələnib. 

Son xəbərlər

Orphus sistemi