Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İngiltərənin "Çelsi" klubunu almaq üçün 1,5 milyard funt sterlinq ödəməyə hazırdır.
"Report"un məlumatına görə, 34 yaşlı döyüşçü bu barədə tviterdə bildirib.
Makqreqor Roman Abramoviçin klubu 3 milyard funta satmaq istədiyi barədə xəbəri paylaşaraq, "1,5 milyard funt sterlinq təklifimi irəli sürürəm" yazıb.
Qeyd edək ki, martın 2-də London təmsilçisinin hazırkı sahibi Roman Abramoviç klubu satmaq qərarına gəldiyini açıqlayıb. Rusiyalı iş adamı 2003-cü ildə "zadəganlar"ı alıb. Komanda onun rəhbərliyi altında 5 dəfə İngiltərə Premyer Liqasını, eyni sayda ölkə kubokunu, 3 dəfə Liqa Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqası ilə Avropa Liqasını və 1 dəfə UEFA Super Kuboku ilə klublararası dünya çempionatını qazanıb.