"Düşünürəm ki, oyunu ümumilikdə yaxşı keçirdik. Evdə növbəti mərhələ üçün mübarizə aparacağıq"
"Report”un məlumatına görə, bunları İsrailin “Makkabi” (Tel-Əviv) komandasının baş məşqçisi Yorqos Donis UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Yunanıstanlı mütəxəssis bildirib ki, Türkiyə "Sivasspor"u ilə İspaniya "Vilyarreal"ı arasındakı matçın nəticəsini son dəqiqələrdə öyrəniblər: "Meydanda açıq oyun getdi. Sonadək vuruşduq. İmkanlarımız oldu, futbolçular çalışdılar. Komandamdan razı qaldım. Sadəcə, nəticə məni qane etmədi".
O, son turda "Sivasspor"la oynayacaqları həlledici qarşılaşmaya da toxunub: "Evdə oynayacağımız üçün komandada özünəinam var. Heyətimizdə güclü oyunçular çıxış edir. Növbəti mərhələyə adlamaq üçün yaxşı fürsətimiz var".