Mahir Emreli "Milan"ın hücumçusu kimi təzminat ödəyə bilər

Mahir Emreli "Milan"ın hücumçusu kimi təzminat ödəyə bilər Hazırda İtaliya "Milan"ında çıxış edən futbolçu Rafael Leau məhkəmədə sabiq klubu Portuqaliya "Sportinq"inə uduzub
Futbol
3382
24 Yanvar , 2022 11:32
Mahir Emreli Milanın hücumçusu kimi təzminat ödəyə bilər

Hazırda İtaliya "Milan"ında çıxış edən futbolçu Rafael Leau məhkəmədə sabiq klubu Portuqaliya "Sportinq"inə uduzub.

"Report" "Record" nəşrinə istinadən xəbər verir ki, Lissabon Apellyasiya Məhkəməsi Portuqaliya İdman Arbitraj Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

İdman Arbitraj Məhkəməsi, müqaviləni birtərəfli ləğv etdiyi üçün Leaunu 16,5 milyon avro təzminat ödəməyə məcbur edib.

Portuqaliyalı oyunçu 2018-ci ildə azarkeşlərin klubun bazasına hücumundan sonra sözləşməsini birtərəfli qaydada ləğv edib. Maskalı tərəfdarlar həmin vaxt baş məşqçi Jorji Jezuşu təhqir ediblər. Daha sonra onlar metal əşyalar və kəmərlərdən istifadə edərək komanda nümayəndələrinə hücum çəkiblər.

Leau ilə bərabər bir neçə futbolçu bu davranışa görə müqavilələrini ləğv edib. Məhkəmə 2020-ci ilin martında onun 16,5 milyon avro ödəməli olduğuna dair qərar verib. Hərçənd, Portuqaliya klubu oyunçunun müqaviləsində göstərilən 45 milyon avro təzminat tələb edib. Forvard son instansiya kimi Ali Məhkəməyə müraciət etmək hüququna malikdir.

Qeyd edək ki, Polşa "Legiya"sının futbolçusu Mahir Emreli 2020-ci il dekabrın 12-də baş vermiş analoji hal üzündən klubdan ayrılmaq istəyir. 24 yaşlı forvard Varşava təmsilçisinin avtobusunda fanatların hücumuna məruz qalıb. Nəticədə Azərbaycan millisinin hücumçusu klubun qış təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas Anıl Dinçerlə əlaqəyə keçən hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb.

Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb. Tərəfdarların hücumuna məruz qalan digər futbolçu Lukinyas isə hazırlıq prosesinə qatılıb və ona kapitan sarğısı verilib.

Son xəbərlər

Orphus sistemi