Mahir Emreli: "Meydanda eqoist deyiləm"

Mahir Emreli: "Meydanda eqoist deyiləm" "Legiya"ya keçmək çətin qərar oldu. Çünki karyeramın böyük hissəsi Azərbaycanla bağlı idi. Amma uşaq vaxtı başqa ölkədə yaşamağın ləzzətini dadmışdım. Sonra bir neçə ay Fransanın "Lans" klubunda məşq etmək fürsəti tapdım".
Futbol
8 İyul , 2021 09:52
Mahir Emreli: Meydanda eqoist deyiləm
Mahir Emreli

"Legiya"ya keçmək çətin qərar oldu. Çünki karyeramın böyük hissəsi Azərbaycanla bağlı idi. Amma uşaq vaxtı başqa ölkədə yaşamağın ləzzətini dadmışdım. Sonra bir neçə ay Fransanın "Lans" klubunda məşq etmək fürsəti tapdım".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli yerli mətbuata müsahibəsində Varşava təmsilçisinə keçidi barədə danışarkən deyib.

24 yaşlı hücumçu bildirib ki, bir neçəil "Qarabağ"da çıxış etdikdən sonra özünü fərqli ölkədə sınamaq vaxtı çatmışdı: "Bu şansı qazanmaq üçün çox çalışdım. Bunun asan başa gəldiyini deyə bilmərəm. Amma fərqli bir şey sınamağın vaxtı yetişmişdi".

Forvard "Qarabağ"da daha çox məvacib almasına və müntəzəm olaraq avrokuboklarda çıxış etməsinə baxmayaraq, "Legiya"nı seçməsinin səbəbini açıqlayıb: "Bu, mənim hobbimdir (gülür). Bilirsiniz ki, Ekstraklasada çıxış edən futbolçuların Avropanın aparıcı liqalarına keçmək şansı daha böyükdür. Bu istiqamətdə getməyə qərar verdim. Eyni zamanda, meydanda həmişə eqoistlikdən çəkinməyə çalışan bir oyunçuyam. Daha çox komanda oyununa üstünlük verirəm. "Legiya"ya kömək edə biləcəyimə inanıram".

Emreli yeni mövsümdə 15 - 18 qol vurmaq istədiyini söyləyib: "Əvvəlcə çempionat və buradakı oyun üslubu ilə tanış olmalıyam. Əsas hədəfim 15 - 18 qol vurmaqdır. Bu, yaxşı başlanğıc nöqtəsi olardı. Əlbəttə ki, qolların mümkün qədər çox olacağına ümid edirəm. Digər tərəfdən, bilirəm ki, bunlar sadəcə rəqəmlərdir. Ön planda titul və avrokuboklarda uğurlu iştirak dayanır. Komandanın uğuru mənim uğurum olacaq".

Futbolçu ən sevdiyi məşğuliyyətlərdən də söz açıb: "İlk növbədə ailəmlə vaxt keçirməyi xoşlayıram. Həmçinin yatmağı sevirəm. Bundan başqa, yaxşı yerlər, yeməklər və restoranlar hər zaman diqqətimi çəkib. Hələ Varşavanı tam olaraq tanımıram. Amma görməli yerlərini gəzmək istərdim. Bakıda tez-tez dostlarımla futzal oynayırdım. Futbolu həqiqətən sevirəm".

Hücumçu polyak dilini öyrənmək istədiyini vurğulayıb: "Bu, rus dilinə oxşayır. Dili bilməyim işləri asanlaşdıra bilər. Komanda yoldaşlarım yavaş danışanda dediklərini az-çox başa düşürəm. İnanıram ki, zamanla bu dildə danışa biləcəyəm".

Emreli şəxsi həyatından danışmağı sevmədiyini, lakin bəzi məqamlara aydınlıq gətirmək istədiyini bildirib: "Görürəm ki, media qəribə nəzəriyyələr yaratmağı bacarır. Bir neçə məqamı izah edib, bu söhbətə nöqtə qoyacağam. Anam bir neçə il öncə atamdan boşanıb. Bundan sonra bacımla mən anamın soyadını götürməyə qərar verdik. Heç kim bütün səbəbləri tam bilməyəcək. Amma biz bu addını atdıq. Anamın burada yaşayıb-yaşamayacağını hələ bilmirik. Belə bir fikir var idi, görək, necə olacaq. Bəlkə bacım bir müddət sonra mənə qoşulacaq? O, İtaliyaın Milan şəhərində oxuyur. Şirkətinizin olması çox xoşdur. Belə bir şey mümkündürsə, niyə də olmasın? Anamın Azərbaycanda nəzarət etməli olduğu bir neçə iş var. Baş verənlərdən sonra anama və bacıma mümkün qədər çox vaxt ayırmağa çalışıram".

Futbolçu Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq zəfərinə və işğal altında olan ərazilərin azad olunmasına da toxunub: "Mənim ölkəm Dağlıq Qarabağ uğrunda mübarizə apardı. "Qarabağ"da oynayarkən dostlarımla birlikdə sağlamlığını və həyatını fəda edən insanlara dəstək olmaya bilməzdim. Əvvəllər də döyüşçülərlə həmrəylik göstərməyə çalışmışıq. Hər birimiz münaqişənin qələbəmizlə bitməsini istəyirdik. Hazırda vəziyyət çox sabit və yaxşıdır. Əslində Bakı elə şəhərdir ki, orada bir şey olarsa, qısa zamanda hamının xəbəri olur. Otuz il sonra işğal altında olan ərazilər bizə qayıtdı".

O, siyasətə qarışmağı xoşlamadığını əlavə edib: "Amma əminəm ki, sabah ölkələri oxşar vəziyyətə düşən hər kəs məni anlaya bilər. Mən azərbaycanlıyam, bu, mənim ölkəmdir və hər formada dəstəyimi göstərmək istədim. Vətənimi hər şeydən çox sevirəm. Birinə kömək etmək və dəstəkləmək üçün imkanın varsa, niyə də olmasın? Lakin mən bunu hər zaman edəcəyimi demirəm, çünki bütün diqqətimi futbola yönəltmişəm. İnanıram ki, öz hərəkətlərimlə həmvətənlərimi bir növ həvəsləndirə bildim, onları ruhlandırdım. Çətin vəziyyətdə hər şeyə göz yumub oradan uzaqlaşa bilməzsiniz. Həyatda elə bir vaxt gəlir ki, qərar verməli və danışmalısan. İnanıram ki, bu anda kiminsə xoşuna gəlməsə də, öz yolunuzla getməlisiniz".

Qeyd edək ki, Mahir Emreli dünən "Legiya"nın heyətində Norveçdə "Budyo Qlimt" komandasına qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda (3:2) dubl edib.

Son xəbərlər

Orphus sistemi