Polşa "Legiya"sından ayrılacağı gözlənilən Azərbaycan millisinin futbolçusu Mahir Emreli heç bir klubla danışıq aparmır.
Bu barədə "Report"a eksklüziv müsahibəsində 25 yaşlı hücumçunun vəkili Anıl Dinçer məlumat verib.
O, Varşava təmsilçisinə forvardın Polşaya getmək istəməməsinin səbəbini izah etdikərini söyləyib: "Mahirin ora gəlməsinin həyatı üçün riskli olduğunu bildirdik. Onlar elə bilirdi ki, biz başqa klub axtarırıq, ona görə də futbolçu "Legiya"da məşqə çıxmaq istəmir. Mətbuatda müxtəlif xəbərlər yayılır. Lakin Mahir heç bir klubla danışıq aparmır. O, hələ də "Legiya"nın futbolçusudur. Müqavilə qarşılıqlı və ya birtərəfli olaraq ləğv olunanadək futbolçu heç bir komanda ilə görüşməyəcək".
Dinçerin sözlərinə görə, bu cür xəbərləri kim yayımlayırsa, həmin şəxslər Mahirə zərər vurur: "Belə bir söhbət yoxdur. "Legiya"ya bildirdik ki, bu işi qarşılıqlı razılıq əsasında həll etmək istəyirik. Klubun nəzərinə çatdırdıq ki, sözləşməni birtərəfli şəkildə poza bilərik. Əlimizdə lazımı sənədlər var. Birincisi, Emrelinin döyülməsi ilə bağlı Polşada alınmış həkim rəyi, ikincisi, həm Azərbaycan, həm də Türkiyədə alınmış psixoloq rəyi. Psixoloq rəyində oyunçunun futbola konsantrasiya ola bilməyəcəyi, Polşaya qayıdıb məşqlərə qatılmamalı olduğu açıq yazılıb. Əsas məsələ bunu sübut etməkdir. Hazırlıqlı olduğumuz üçün biz güclü tərəfik".
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. İngiltərədən hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.