Bakı. 13 avqust. REPORT.AZ/ Argentina milli komandasının hücumçusu Lionel Messi İspaniyanın "Barselona" klubunun heyətində ən titullu futbolçuya çevrilib.
"Report"un məlumatına görə, 31 yaşlı forvard Kataloniya təmsilçisinin heyətində 33-cü titulunu ölkə Super Kubokunu qazanaraq əldə edib. Mərakeşdəki "Stad de Tancer" arenasında keçirilmiş görüşdə "Barsa" "Sevilya"nı 2:1 hesabı ilə yenib.
Bunadək Messi titul sayında Andres İnyesta ilə şərik idi. Lakin artıq İnyesta Yaponiya "Vissel Kobe"sində çıxış edir, Messi isə kataloniyalıların kapitanıdır. O, 9 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu, 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çermpionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi olub.
Qeyd edək ki, "Barselona" İspaniya Super Kubokunu 13-cü dəfə qazanıb. Lionel Messinin komandası bu göstəricidə "Real Madrid"i 3 titul qabaqlayaraq, rekordunu qoruyur.