"Bizi Konfrans Liqasında ağır oyunlar gözləyir. Beynəlxalq matçlara görə yaranmış fasilə səbəbindən komanda işi baxımından müəyyən problemlərimiz var. Amma düşünürəm ki, "Omoniya" ilə oyuna hazırıq".
"Report"un məlumatına görə, bunu Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev evdə Kipr "Omoniya"sına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyunundan öncə mətbuat konfransında deyib. Rusiyalı mütəxəssis Nikosiya təmsilçisinin kifayət qədər təcrübəli komanda olduğunu bildirib: "Kompakt müdafiə olunurlar və səviyyəli oyunçulara malikdirlər. Hazırda bizim üçün ən vacibi qarşıdakı oyundur".
69 yaşlı baş məşqçi turnirdəki hədəflərindən də söz açıb: "Sözsüz, qarşımızda müəyyən vəzifə durur. Oyunlara mərhələli şəkildə hazırlaşırıq. Bu turnirdəki komandaların Avropa Liqasındakılardan daha zəif olduğunu deməzdim. Məsələn, "Bazel" Çempionlar Liqası səviyyəsində komandadır, amma Konfrans Liqasında oynayır. Buna görə də turnirdə güclü və zəif iştirakçılar olduğunu söyləmək çətindir".
Qeyd edək ki, bu gün oynanılacaq "Kayrat" - "Omoniya" matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Almatı təmsilçisi "Qarabağ"a qarşı ilk görüşünü oktyabrın 21-də Bakıda keçirəcək.