“Kukesi”nin baş məşqçisi: "Qarabağ"la oyunlar çətin olacaq" - MÜSAHİBƏ

“Kukesi”nin baş məşqçisi: "Qarabağ"la oyunlar çətin olacaq" - MÜSAHİBƏ "Hər şeyi yoxlayacağıq"
Futbol
20 İyul , 2018 16:03
“Kukesi”nin baş məşqçisi: Qarabağla oyunlar çətin olacaq - MÜSAHİBƏ

Bakı. 20 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniyanın “Kukesi” komandasının baş məşqçisi Armando Kunqu yerli “Panorama Sport” qəzetinin suallarını cavablandırıb.

“Report” 45 yaşlı mütəxəssislə müsahibəni təqdim edir:

- “Qarabağ”la “Olimpiya”nın cavab oyununa baxdınız?

- Düzünü deyim ki, yox. Ailəmlə birlikdə şam yeməyində idim. Hansısa saytın linki vasitəsi ilə oyunu tapıb, baxacaq qədər yaxşı deyiləm. Amma klub matçın görüntülərini köçürüb, sabah baxacağam.

- Bu komandalardan hansı ilə qarşılaşmaq istərdiniz?

- Belə bir seçimim yox idi. Çünki nə qədər irəli gedirsinizsə, rəqiblər də bir o qədər güclənir. Qeydə alınan nəticə də (0:0) komandaların, demək olar ki, eyni səviyyədə olduğunu göstərir.

- “Kukesi”nin “Qarabağ”ı keçmək şansının olduğunu düşünürsünüz?

- Realist baxsaq, çətin olacaq. Bu komanda davamlı olaraq ÇL-də çıxış edir və qrup mərhələsinə vəsiqə qazanır. Bu, onu göstərir ki, çətin olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Hər şeyi yoxlayacağıq, futbolda heç nə öncədən bəlli olmur.

- Albaniya millisinin sabiq kapitanı Ansi Aqolli 8 ildir “Qarabağ”da oynayır. Yaxın günlərdə onunla danışacaqsınız?

- Onunla danışacağımı düşünmürəm. Aqollini tanıyıram və bir insan, idmançı kimi hörmət bəsləyirəm. Onunla danışmaq peşəkarlıqdan uzaq olar. Aqolli həmin komandanın bir hissəsidir və peşəkardır. Onu xoş qarşılayacağam, başqa heç nə.

- Komandada güclənməyə ehtiyac var?

- Bəli, klub prezidenti və idman direktoru ilə danışacağam ki, hər şey qaydasında olsun. Yalnız avrokubokda deyil, çempionat üçün də rəqabətli komanda formalaşdırmağa çalışacağıq. Çempionat tezliklə başlayacaq. Biz fikrimizi cəmləməliyik.

- I təsnifat mərhələsində Maltanın “Valletta” komandası ilə görüşdən sonra “Qarabağ”la oyunlarda dəyişikliyə ehtiyac götürsünüz?

- Əvvəlcə rəqibə diqqətlə baxacağam, sonra hərəkət edəcəyəm. Həmçinin alternativ variantları gözdən keçirəcəyəm. Rəqibdən və əlimizdəkilərdən asılı olaraq, növbəti mərhələyə vəsiqə qazanmaq üçün ən yaxşı oyun sistemini seçəcəyimizi düşünürəm. 

Son xəbərlər

Orphus sistemi