Konfrans Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb

Konfrans Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb "Qarabağ" və Kiprin AEL komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu keçirilib
Futbol
12 Avqust , 2021 21:54
Konfrans Liqası: Qarabağ pley-off mərhələsinə vəsiqə qazanıb

"Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşıb. Estoniyalı FIFA referisi Kristo Tover idarə etdiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanı 10 mindən çox azarkeş izləyib. Matçdan öncə diqqət çəkən məqamlardan biri komandaların isinmə hərəkətləri zamanı mərkəzi arenada “Mehtər marşı”nın səsləndirilməsi olub. Təbii ki, bu, Kiprdəki ilk görüşdə Azərbaycan təmsilçisinə qarşı hörmətsizliyə cavab idi. Bundan başqa, fanatlar “Qarabağ” futbolçularının adları elan olunan zaman hər nömrəyə uyğun işğaldan azad olunmuş rayonların adlarını qışqırıblar.

Görüşə gəlincə, “Qarabağ” start fitindən dərhal sonra hesabı açmağa yaxın olsa da, Filip Ozobiç yaxın məsafədən fərqlənə bilməyib. Yeri gəlmişkən, mərkəzi arenanın ot örtüyünün bərbad vəziyyətdə olması topla oynamağı sevən “köhlən atlar”a kifayət qədər çətinlik yaradıb. 20 dəqiqənin tamamında meydan sahibləri növbəti dəfə qol vurmaq üçün yaxşı fürsət yaxalayıblar. Patrik Andradenin qüvvətli rəqib qapıçı son anda barmaqlarının ucu ilə çıxarıb. Hava həddindən artıq isti olduğundan referi 25-ci dəqiqədə su fasiləsi elan edib. Hissənin sonlarına doğru təzyiqi artıran “Qarabağ” ardıcıl 2 epizodu boşa verib. Əvvəlcə Xayme Romeronun cərimə meydançasının kənarından vurduğu top qapıdan azca aralı keçib. 2 dəqiqə sonra Andradenin zərbəsinin qarşısını müdafiəçilər alıb. Az sonra ağdamlıların heyətində Maksim Medvedev diqqət mərkəzinə düşüb. Kapitan künc nöqtəsindən ötürülən topu birbaşa qapıya göndərsə də, dəqiqlik çatmayıb. İlk yarının sonuncu dəqiqəsində Medvedevin səhvindən sonra qonaqların hücumçusu Stefan Sçepoviç imkandan yararlana bilməyib. 44-cü dəqiqədə azarkeşlər Vətən müharibəsi ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndiriblər. Birinci hissənin əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə Romeronun baş zərbəsini Vozinya çətinliklə çıxarıb. İlk hissədə qapılara qol vurulmayıb.

İkinci yarı hər iki komandanın futbolçularının bir-birinə qarşı kobud oyunu ilə yadda qalıb. 62-ci dəqiqədə Ağdam klubunun baş məşqçisi meydanda nisbətən zəif təsir bağışlayan və passivində sarı vərəqəsi olan Ozobiçi Kadi Borqeslə əvəzləyib. Braziliyalının meydana çıxmasından sonra hücumda fəallaşan “Qarabağ” Ramil Şeydayevlə AEL-in qapısı qarşısında təhlükə yaradıb. Lakin son anda rəqib qapıçı forvardın fərqlənməsinə imkan verməyib. Az sonra sol cinahdan təhlükəli hücumun qarşısını bu dəfə müdafiəçilər alıblar. 70-ci dəqiqədə Limassol klubunun əsas hücumçusu Stefan Sçepoviç zədələnərək, meydanı tərk edib. Onu Matko Babiç əvəzləyib. 85-ci dəqiqədə Şeydayev 100 faizlik qol imkanını boşa verib. Abdullah Zubir 2 rəqibini aldatdıqdan sonra hücumçunu qapıçı ilə üzbəüz qoysa da, sonuncunun zərbəsi qeyri-dəqiq alınıb. Buna baxmayaraq, “Qarabağ” 87-ci dəqiqədə Kadi Borqeslə istədiyi qolu vurub. Beləliklə, səfərdə 1:1 hesablı heç-heçə edən Ağdam təmsilçisi evdəki qələbə sayəsində pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ”ın bu mərhələdəki rəqibi "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi olacaq.

21:44

"Qarabağ" və Kiprin AEL komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 87-ci dəqiqədə Ağdam klubunun braziliyalı yarımmüdafiəçisi Kadi Borqes fərqlənib.

21:03

"Qarabağ" və Kiprin AEL komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.

20:47

"Qarabağ" və Kiprin AEL komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

20:00

"Qarabağ" və Kiprin AEL komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı estoniyalı FIFA referisi Kristo Tover idarə edir.

Qeyd edək ki, Kiprdəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi