“Goal.com” portalının versiyasına görə, fransız hücumçu Tyerri Anri XXI əsrdə Londonun "Arsenal" klubunun ən yaxşı oyunçusu seçilib.
“Report” xəbər verir ki, reytinqdə ikinci yeri niderlandlı hücumçu Dennis Berqkamp tutub. Siyahıda üçüncü yerdə isə fransalı Patrik Vieyra qərarlaşıb.
Dördüncü yeri başqa bir fransız - Robert Pires tutub. İlk "beşliy"i isveçli hücumçu Fredrik Yunqberq qapayıb.
Qeyd edək ki, bütün futbolçular 2003/2004 mövsümündə "Arsenal"da çıxış ediblər və İngiltərə çempionluğunu məğlub olmadan qazanıblar.
Tyerri Anri 1999-2007-ci illər aralığında "Arsenal"da çıxış edib. Fransa millisinin hücumçusu London klubunda 250-dən çox qol vurub. Anri klubla iki İngiltərə Premyer Liqası çempionluğu ilə yanaşı, ümumilikdə 7 kubok qazanıb.