Portuqaliya prokurorluğu Lissabonun “Benfika” futbol klubunu korrupsiyada ittiham edib və komandanın bütün turnirlərdən uzaqlaşdırılmasını tələb edib.
“Report” xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.
Belə ki, klubun keçmiş prezidenti Luis Filipe Vieyra və keçmiş hüquq müşaviri Paulu Qonçalveş korrupsiya və vergi fırıldaqlarında ittiham olunublar.
Prokurorluq “Benfika”nın 6 aydan 3 ilə qədər idman yarışlarından kənarlaşdırılmasını tələb edib.
Portuqaliya çempionatının cari mövsümündə “Benfika” 7 oyundan sonra 16 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Çempionlar Liqasında komanda iki görüşdə iki qələbə qazanıb.
“Benfika” çempionatda (38) və Portuqaliya Kubokunda (26) qələbələrin sayına görə rekorda sahibdir. Lissabon komandası iki dəfə Avropa kubokunu (indiki Çempionlar Liqası) qazanıb.