“Zirə”nin futbolçusu: "Biz elə də pis komanda deyilik" - YENİLƏNİB-3

“Zirə”nin futbolçusu: "Biz elə də pis komanda deyilik" - YENİLƏNİB-3 Bakı. 16 fevral. REPORT.AZ/ “Zirə”nin futbolçusu Bilal Həmdi Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
16 Fevral , 2019 23:34
“Zirə”nin futbolçusu: Biz elə də pis komanda deyilik - YENİLƏNİB-3

Bakı. 16 fevral. REPORT.AZ/ “Zirə”nin futbolçusu Bilal Həmdi Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, 28 yaşlı hücumçu öncə qarşılaşma barədə fikirlərini açıqlayıb...

- Oyun intensiv şəraitdə keçdi. Hər iki komandanın yaxşı qol vəziyyətləri yarandı. Burdan da belə nəticəyə gəlmək olar ki, hər iki tərəf qalib gələ bilərdi. Amma qarşılaşma heç-heçə başa çatdı. Bu da normaldır.

“Zirə” ilk yarıda daha yaxşı oynadı. Amma 10-15 dəqiqədən sonra geri çəkildi. Komandanın gücü tükəndi, yoxsa əks-hücum düşüncəsi ilə taktiki gediş idi?

- Bütün oyun boyu baş verənləri məşqlərdə işləyirik. Buhəftəki hazırlıqlarda sırf əks-hücumlarda oynamağın üzərində çalışmışdıq. 70-80 metrlik qısa məsafəli qaçışın özü də bəzən çətindir. “Neftçi” ikinci hissədə təzyiqi daha da artırdı. Biz isə eynilə müdafiə olunub əks-hücum üçün şərait gözləyirdik. Bu imkanlar da müəyyən qədər yetişdi. Amma qol imkanlarından faydalana bilmədik.

“Neftçi” tərəfi iddia edir ki, bu gün 2 xal itirib. Bəs siz necə düşünürsünüz?

- Bu barədə xüsusi bir şey deyə bilmərəm. Hər kəsin öz fikri var. 2 xal itirdiklərini düşünürlərsə, onların fikrinə hörmətlə yanaşmaq lazımdır. Qol vəziyyətlərini nəzərə alsaq, eyni şey bizim tərəfdən də deyilə bilər. Onlar belə düşünürsə, bu da normaldır. Çünki onlar turnir cədvəlinin 1-ci, biz sonuncu pilləsindəyik.

“Neftçi” bundan əvvəl evdəki oyunda da “Zirə” yə qalib gələ bilməmişdi. Bunu nə ilə izah edə bilərsiniz?

- Biz elə də pis komanda deyilik. Düşünürəm ki, gələcəkdə daha yaxşı olacaq. Sonuncu pillədə getməyə layiq komanda deyilik. Çalışırıq ki, son pillələrdən qurtulaq. Düzgün yoldayıq.

Bu gün çox fəal görünürdünüz. Amma sanki hücumçular əməyinizi yerə vururdu...

- Düşünürəm ki, onlar da qol vurmaq istəyirdi. Meydanda olan, olmayan hər kəs komanda üçün çalışır. Mənim də qaçırdığım qol imkanları olub. Belə hal hər peşəkar futbolçunun başına gələ bilər. Bizim üçün əsas məqsəd daha çox çalışıb son pillələrdən qurtulmaqdır. İnanıram ki, buna nail olacağıq.


***21:50

Bakı. 16 fevral. REPORT.AZ/ "Maraqlı oyun alındı, çox sayda qol imkanları oldu. Matça yaxşı başlamasaq da, ikinci hissədə toparlandıq. Şansları reallaşdıra bilmədik. Əhvalımız pozulub".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kirilo Petrov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Zirə" ilə qolsuz heç-heçədən sonra söyləyib.

Ukraynalı müdafiəçi bildirib ki, "Zirə" çempionatda "Neftçi" üçün ən qeyri-münasib rəqibdir:

"Səhv etmirəmsə, ilk dəfə ötən mövsüm onları məğlub edə bildik. Onlarla çətindir. Bu gün qələbə qazanmağımıza, qol vəziyyətlərini reallaşdıra bilməməyimiz mane oldu. Rəqib də yaxşı oynadı".

Legioner futbolçunun sözlərinə görə, bu matçda iki xal itirən tərəf "Neftçi" olub:

"Hələ çempionatda çox oyun var. Sabah "Qarabağ" "Qəbələ"yə qalib gəlsə, heç nə baş verməyəcək. Əlbəttə, idman prinsipləri baxımından "Qəbələ"yə azarkeşlik edəcəyik. Amma ümumilikdə hər iki komandaya uğurlar arzulayıram".


***20:58:

Bakı. 16 fevral. REPORT.AZ/ "Udsaydıq belə, bu bizə əlavə motivasiya, stimul olacaqdı. Nə üzülürük, nə də sevinirik".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.

41 yaşlı mütəxəssis hər iki tərəfin qol imkanlarının olduğunu deyib:

"Məncə, bu komandalar qarşılaşanda, daim maraqlı olur. Bəzi oyunlarda futbolçuları qınayırdıq. Lakin son iki görüş göstərdi ki, düz yoldayıq. Futbolçulara təşəkkür edirəm. Amma "Zirə"nin özünə gəldiyini deməzdim. Komandaya yeni qoşulanlar hələ uyğunlaşmayıblar. Ancaq ümid verirlər. Əsas odur ki, iki oyundur qol buraxmırıq. Anlaya bilmirəm, niyə düşünürlər ki, “Neftçi”yə xüsusi hazırlaşırıq. Hər bir rəqibə eyni gözlə baxırıq".

Abasovun sözlərinə görə, rəqib ikinci hissədə fəallığı artırıb:

"Neftçi" riskə getdi. Sadio Tounkaranı məcburiyyətdən müdafiənin cinahında oynadırdıq. Bəlkə də bir qədər özümüz də sıxıldıq. Ancaq ikinci hissədə qol şanslarımız daha çox oldu, rəqibi əks-hücumlarda yaxalaya bilirdik".

Baş məşqçi yeni transfer Mqo Kqasvanenin zəif çıxışına da toxunub:

"O, bura məşqsiz gəlmişdi. Tədricən düzələcək. Onu özüm gətirmişəm, zəif olduğunu deyə bilmərəm (gülür)".


***20:07

Bakı. 16 fevral. REPORT.AZ/ "Çətin oyun olacağını əvvəlcədən bilirdik. İki fərqli hissə oldu. İlk yarıda rəqib üstün oyandı, fasilədən sonra vəziyyəti dəyişdik".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XVII turunda "Zirə" ilə səfərdə qolsuz heç-heçədən sonra söyləyib.

54 yaşlı italiyalı mütəxəssis iki xal itirdiklərini deyib:

"Rəqibin əks-hücumlara üstünlük verəcəyini bilirdik. Hətta qol da vura bilərdilər. Lakin bizim də imkanlarımız oldu. Bu gün iki xal itirdik. Hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin hansı pillədə qərarlaşmasının önəmi yoxdur. Motivasiyasız oynadığımızı deməzdim. Qol vurub, matçı bitirmək istəyirdik. Lakin alınmadı".

R.Bordinin sözlərinə görə, "Neftçi" sona qədər hücum futboluna üstünlük verib:

"Səhvlər olanda hamı günahı müdafiəçilərdə görür. Amma elə deyil. Əsas, komanda oyunudur".

Baş məşqçi fevralın 17-də keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu barədə də danışıb:

"Onlar gördülər ki, xal itirdik. Buna görə motivasiyalı olacaqlar. Lakin matçın nəticəsinin necə olacağını bilmək olmaz".

Son xəbərlər

Orphus sistemi