"AEL-i çətin oyun gözləyir. Amma Duşan Kerkez yaxşı kollektiv qurub. O, komandasını səfərə mərhələni adlamaq üçün aparıb".
"Report"un məlumatına görə, bunu Kiprin AEL klubunun sabiq futbolçusu Marius Xristodulu yerli mətbuata açıqlamasında Limassol təmsilçisinin Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Veteran yarımmüdafiəçi bildirib ki, futbolçular meydanda hər şeyə hazır olmalıdırlar: "Kerkez psixoloji duruma diqqət yetirəcək. Arzu edirəm ki, uşaqlar tapşırıqları düzgün yerinə yetirsin və hər şey bizim üçün yaxşı qurtarsın. AEL-in heyətində yaxşı futbolçular var. Çətin olsa da, komandanın mərhələni adlayacağına inanıram. Oyunçular meydanda nə edəcəklərini yaxşı bilirlər".
Xristodulu AEL-in fiziki cəhətdən yaxşı komanda olduğunu söyləyib: "bunu bir neçə oyunda göstəriblər. Amma ehtirasdan başqa, taktika da vacib rol oynayır. Bu oyun arzuolunan nəticə üçün daha çox konsentrasiya tələb edir. AEL-in müdafiədən oynayacağını gözləyirəm. Bu halda, sürətli əks-hücumlar üçün yaxşı imkanlar ələ düşəcək. "Qarabağ" güclü komandadır. Amma onlardan qorxmaq lazım deyil. Şanslar bərabərdir".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. Kiprdəki ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.