"Keşlə"nin futbolçusu: "Hamımız 1:6 hesablı məğlubiyyətə görə günahkarıq"

"Keşlə"nin futbolçusu: "Hamımız 1:6 hesablı məğlubiyyətə görə günahkarıq" "Qol vurduğuma görə sevinə bilmirəm, çünki bu, elə də vacib deyildi"
Futbol
3 Noyabr , 2020 17:00
Keşlənin futbolçusu: Hamımız 1:6 hesablı məğlubiyyətə görə günahkarıq
Vüsal İsgəndərli

"Bu hesabla uduzmağı biz də istəmirdik. Məğlub olmuşuqsa, hamımız günahkarıq. Hər kəs öz səhvini başa düşür. Meydanda olanlardan hər kəs bu məğlubiyyətə görə günahkar idi".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Premyer Liqanın VIII turunda səfərdə "Qarabağ"a 1:6 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, konkret günahkar axtarmalı deyillər: "Qarşıdakı oyunlara hazırlaşmalı və daha güclü olmalıyıq. Komandanın qeyri-stabil çıxış etdiyinin fərqindəyik. Bunu aradan qaldırmağa çalışırıq. Çünki belə davam etsə, istədiyimiz pillələrdən uzaq olacağıq. Mütləq bunu düzəltməliyik".

"Keşlə"nin heyətində baxımlı qola imza atan İsgəndərli vurduğu qolun heç bir önəm kəsb etmədiyini söyləyib: "Kaş xal qazana bilərdik. Qol vurduğuma görə sevinə bilmirəm, çünki bu, elə də vacib deyildi. Növbəti turda "Qəbələ" ilə qarşılaşacağıq və oyuna yalnız 3 xal üçün çıxacağıq. Başqa heç bir nəticə bizi qane edə bilməz".

Füzulinin Qacar kəndindən olan oyunçu hələ ki öz kəndinin işğaldan azad olunma xəbərini gözlədiyini vurğulayıb: "Bu xəbəri ailəlikcə həsrətlə gözləyirik. O hisslər qiymətsizdir və sözlə ifadə etmək çətindir. Əsgərlərimizin yanındayıq, onlara nə kömək lazımdırsa, etməyə hazırıq. Allah əsgərlərimizi qorusun, şəhidlərə rəhmət diləyirik. Ömrümüzün axırına kimi onlara minnətdar olacağıq".

Son xəbərlər

Orphus sistemi