"Keşlə"nin baş məşqçisi: "Titul qazanmaq hər zaman xoşdur"

"Keşlə"nin baş məşqçisi: "Titul qazanmaq hər zaman xoşdur" Futbolçuları evlərində belə, nəzarətdə saxlayırıq
Futbol
129
24 May , 2021 22:35
Keşlənin baş məşqçisi: Titul qazanmaq hər zaman xoşdur

"Finalın təşkilatçılığı mükəmməl idi. Bu işdə əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, həlledici matçlar hər zaman gərgin olur: "Amma futbolçuları inandırdım ki, bacara bilərik. Onları psixoloji cəhətdən hazırlamağa çalışdıq. Bu qədər əziyyətin sonunda mükafat olmalıdır. Burada ən böyük pay sahibi oyunçulardır. Hamını təbrik edirəm. Titul qazanmaq hər zaman xoşdur. Deyə bilərəm ki, bütün işlər tamamlandı".

Qurbanov özünü xoşbəxt hiss etdiyini söyləyib: "Komandadakı taleyimi zaman göstərəcək. Oyunlara köklənmişdik. İstəyimizə nail olduq. Ayxan Abbasovun komandaları mükəmməl oynayırlar. İnkişaf edən məşqçidir. Ona qarşı oynamaq çətindir. "Sumqayıt"a Konfrans Liqasında uğurlar arzu edirəm".

Baş məşqçinin sözlərinə görə, çempionatda nəticə baxımından istəyinə nail ola bilməyib: "Amma yanaşma mənim üçün çox vacib idi. Ən azı 5 oyunda qalib gəlməməyimizə çox təəccüblənirdik. Qol vursaq da, üstünlüyümüzü qoruya bilmirdik. Bu səbəbdən futbolçulara müxtəlif videolar göstərirdik. Şükürlər olsun, yaxşı oyun kuboka yansıdı. Futbolçular hər iki cəbhədə sonadək vuruşdular və vəzifənin öhdəsindən gəldilər. Komandaya vaxt lazımdır. Hər şeyin arxasında böyük iş dayanır".

Mütəxəssis klub rəhbərliyi ilə danışıq aparacağını vurğulayıb: "Mənimlə davam etmək istəyirlərsə, artıq sabahdan futbolçularla görüşüb danışacağıq. Sezar Meza Kolli və Vüsal İsgəndərli istedadlı oyunçudur. Onlara təklif gəlməsi normaldır. Bizimlə davam etmələrini istərdim. Yeni mövsümlə bağlı planlar qurmaq lazımdır. İşimizə daha çox köklənməliyik. Futbolçuları evlərində belə, nəzarətdə saxlayırıq. Qısa vaxtda yaxşı oyunçu tapmaq asan deyil. Amma bu, futboldur. Kimlərləsə vidalaşmaq lazımdır".

Qurbanov UEFA Konfrans Liqasındakı hədəflərini də açıqlayıb: "Mərhələ keçmək istəyirik. Amma bunun üçün komandanı formalaşdırmaq lazımdır. İlk növbədə inanmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi