"Azərbaycan xalqını torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edirəm. "Zirə" ilə oyun maraqlı alındı. Bura qələbə üçün gəlmişdik. Normal oyun alındı.
Düşünürəm ki, ikinci hissədə üstün tərəf biz idik, qol imkanları da yaratdıq. Amma fürsətlərdən yararlana bilmədik".
"Report" xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın X turunda səfərdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis bildirib ki, hücum xəttində axsamalar var: "İki oyunçumuz xəstələnmişdi. Hücuma meyilli oyunçulardan ikisi zədəli idi. Sağ və sol müdafiəçilər yarımmüdafiə mövqeyində çıxış edirdilər. Komandamdan narazı deyiləm. Bu gün ikinci hissədə pis təsir bağışlamadıq. Öz səhvlərimizdən qollar buraxdıq".
Hüseynov kimlərin komandanı tərk edəcəyini hələ ki, fikirləşmədiklərini vurğulayıb: "Qışda bizdə də dəyişiklik olacaq. Çalışacağıq ki, hücum xəttini gücləndirək. Qol vurmaqda çətinlik çəkirik".
Baş məşqçi gənc oyunçuların heç birindən narazı olmadığını diqqətə çatdırıb.
Hüseynov daha sonra Sezar Meza Kollinin oyunu barədə danışıb: "O, topla oynayan futbolçudur. Top onda olanda təhlükə yarada bilir. Bu gün onun oyunundan narazı qalmadım. Onu başa düşən futbolçu olsa, hər şey daha yaxşı olacaq".