"İlk oyun idi. Matça bir az gərgin başladıq. İkinci hissəni isə bizim aktivimizə yazmaq olar. Futbolun tərs üzü ilə rastlaşdıq, əlimizə düşən şanslardan yararlana bilmədik".
"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt" 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, hesab oyuna görə olmadı: "İkinci hissəni hücumda keçirdik, "Sumqayıt" daha çox müdafiə olundu. Üzülürük, amma gələcəyə baxmaq lazımdır. Başa düşürük ki, qalib gəlmək lazım idi. Çox qol imkanından yararlanmamağımız bizi üzdü".
O, rəqibin qapalı komanda olduğunu bildiklərini söyləyib: "Uzaq məsafədən zərbələr planda var idi. Elə epizodlar oldu, vura bilmədik. Bəxt amili də var idi. Bu o demək deyil ki, belə davam edəcək. Çalışacağıq ki, məşqlərdə bunların üzərində işləyək".
Qurbanov Amil Yunanovu meydana gec buraxmasının səbəbini də açıqlayıb: "Artıq uduzurduq, müdafiəçini çıxarıb, hücumçu buraxdıq. Ona qədər oyun planında axsaqlıq yox idi. Oyuna nəzarət bizdə olsa da, sonda əlavə hücumçuya ehtiyac var idi. Amilin potensialına inanırıq. Gələcəkdə daha çox şans qazanacaq".