Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
"Report"un məlumatına görə, turun açılış matçında "Qəbələ" "Keşlə" ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qolsuz tamamlanıb - 0:0. Baş hakim Rəşad Əhmədov 67-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Nikolas Rayseli ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıb. Lakin qonaq komanda say üstünlüyündən yararlana bilməyib.
Bununla da "Keşlə" ardıcıl ikinci matçından qolsuz ayrılıb. Bununla belə, Yunis Hüseynovun baş məşqçi olduğu kollektiv xalını 5-ə çatdıraraq, vahid liderə çevrilib. Bu mövsüm öz meydanındakı ikinci görüşünü də heç-heçə ilə ayrılan "Qəbələ" isə 2 xalla 7-ci pillədə qalıb.
Qeyd edək ki, bu gün saat 17:15-də "Kapital Bank Arena"da "Sumqayıt" - "Səbail" matçı start götürəcək. Tura sentyabrın 20-də "Zirə" - "Sabah" və "Qarabağ" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.