"Kəpəz"in sabiq baş məşqçisi: "Elə bilirlər ki, yerli mütəxəssislərin "sehrli çubuğ"u var" - MÜSAHİBƏ

"Kəpəz"in sabiq baş məşqçisi: "Elə bilirlər ki, yerli mütəxəssislərin "sehrli çubuğ"u var" - MÜSAHİBƏ - Adil müəllim, hazırda nə işlə məşğulsunuz?
Futbol
27 Sentyabr , 2024 14:06
Kəpəzin sabiq baş məşqçisi: Elə bilirlər ki, yerli mütəxəssislərin sehrli çubuğu var - MÜSAHİBƏ

"Kəpəz"dən ayrılan baş məşqçi Adil Şükürov "Report"a müsahibə verib. 47 yaşlı çalışdırıcı Gəncə təmsilçisindən ayrılmağının səbəbləri barədə danışıb. O, hazırda Azərbaycan Premyer Liqasında sonuncu sırada qərarlaşan sabiq komandasının yaxşı nəticələr qazanacağına inandığını söyləyib. Mütəxəssis "Neftçi"nin hazırkı durumuna da toxunub.

- Hazırda nə işlə məşğulsunuz?

- Rəsmi olaraq heç bir işlə məşğul deyiləm. Formada qala bilmək üçün qaçıram, özüm üçün məşqlər edirəm.

- "Kəpəz"in oyunlarını izləyirsiniz?

- Bəli, "Kəpəz"in hər oyununu izləyirəm. Lakin son qarşılaşmanı qaçırdım. Çünki şəxsi işlərim var idi.

- Gəncə təmsilçisi sizin gedişinizdən sonra keçirdiyi hər üç oyunda məğlub olub. Uğursuzluğun səbəbi nə ola bilər?

- Məncə, komanda toparlanmalıdır. Çünki heyətdə yer alan futbolçular mövsümün startına az qalmış bir araya gəliblər. Onların bir-birinə uyğunlaşması üçün müəyyən vaxt lazımdır.

- Cari mövsümün startı ərəfəsində bir çox futbolçular komandadan ayrıldılar və heyət yenidən formalaşdırıldı. Sizin seleksiyanızın uğursuz olduğunu deyənlər var. Bununla razılaşırsınız?

- Biz çalışırdıq ki, yay mövsümündə davam edən çempionatlarda çıxış edən futbolçular transfer edək. Braziliyanın aşağı dəstələrində belə oyunçular var idi. Lakin maliyyə probleminə görə keçidlər baş tutmadı. "Kəpəz" "Turan Tovuz"dan ayrılan Paçu Lira ilə anlaşıb. Mən də onu heyətə cəlb etmək istəyirdim. Lakin həmin vaxt çox pul istədi. Görünən odur ki, indi razılaşıblar. Seleksiya işi elədir ki, sənə müəyyən qədər futbolçu təqdim olunur və onların arasından seçirsən. Biz seçdiyim futbolçuları heyətə cəlb etdik. Mən Fransa və Portuqaliyadan futbolçu cəlb etmək istəyirdim. Lakin onlar bizə bildirdilər ki, gözləyin, yaxşı təklifimiz olmasa, "Kəpəz"ə gələrik. Elə alındı ki, hamısı daha yaxşı maliyyə şərtləri ilə başqa klublara transfer olundular. Gəncə klubunun istədiyi futbolçuları transfer edə bilməməsinin əsas səbəbi maliyyə çatışmazlığıdir. Bizim heyətə cəlb etdiyimiz futbolçuların maaşı 3000-4000 dollar təşkil edir. Bəzi oyunçular oldu ki, 5000-8000 dollar tələb edirdilər. Bu məbləği verə biləcək maliyyəmiz yox idi. Ancaq indi baxıram, bəziləri ilə anlaşma olub. Yəqin ki, futbolçular sonda razılığa gəliblər.

- Azərbaycan Premyer Liqasının IV turunda "Səbail"ə məğlubiyyətdən (0:4) sonra "Kəpəz"dən ayrıldınız. Detalları açıqlaya bilərsiniz?

- Əslində planda ayrılıq yox idi. Bildiyiniz kimi, "Səbail"lə maçdan sonra milli komandaların oyunları ilə bağlı fasilə yaranmışdı. Danışmışdıq ki, komandaya yeni futbolçular cəlb olunacaq və yola davam edəcəyik. Amma elə alındı ki, həmin futbolçuların keçidi baş tutmadı. Biz də rəhbərliklə məsləhətləşdik və sağollaşmağı qərara aldıq. "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri ilə söhbətləşdik. O bildirdi ki, imkanımız indiki vəziyyətdə buna imkan verir. Dostcasına sağollaşdıq və ayrıldım.

- "Kəpəz"in hazırkı baş məşqçisi Azər Bağırov sizin formalaşdırdığınız komandanı Premyer Liqada saxlamağı bacaracaq?

- Həyətdə yer alan futbolçuların əksəriyyətinin 24-25 yaşı var. Onlar çempionatın gedişində özlərini daha yaxşı tərəfdən göstərəcəklər. Mövsümün əvvəlində İlqar müəllimlə danışmışdıq ki, bu futbolçularla davam edəcəyik və Premyer Liqada qalacağıq. 2025/2026 mövsündə artıq onlar bir-birini daha yaxşı tanıyacaqdı. Yeni 4-5 transfer də edərək, komandanı daha güclü vəziyyətə gətirəcəkdik. Müqavilələrin müddəti "1+1" illik idi. Həmin oyunçularla davam etmək istəyirdik. Görəcəksiniz, "Kəpəz" Premyer Liqada qalacaq. Sadəcə, komandaya bir qədər vaxt vermək lazımdır. Premyer Liqada turnir cədvəlinə nəzər salsanız, görərsiniz ki, "Sumqayıt"ın 6, "Səbail"in 4 xalı var. Yəni bu komandaları qabaqlamaq mümkündür. Digər 4 xalı olan "Neftçi"nin adını çəkmirəm. Çünki onların maliyyə imkanları tamamilə başqadır və yəqin ki, uğursuzluq zolağından çıxacaqlar.

- "Neftçi"dən söz düşmüşkən, paytaxt təmsilçisinin 7 tur ərzində qələbə qazana bilməməsinin səbəbini nədə görürsünüz?

- Düşünürəm ki, "Neftçi"də problem baş məqşçilərə yetərincə vaxt verilməməsidir. Xatırlayırsınızsa, Roman Qirqorçuk "Qəbələ"yə ilk gəldiyi vaxtlarda komanda elə də uğurlu çıxış etmirdi. Lakin bir müddət keçdikdən sonra komanda toparlandı və özünü yaxşı tərəfdən göstərdi. Ona kənardan təzyiq göstərən qüvvələr yox idi. Amma "Neftçi"də durum bir az fərqlidir. Köklü komandanın azarkeşləri tərəfindən komanda daim təzyiq altında saxlanılır. Onları başa düşürəm, doğma klublarından uğurlu çıxış gözləyirlər. Amma baş məşqçiyə vaxt vermək lazımdır. Eyni vəziyyət Gəncədə var idi. Azarkeşlər tərəfindən komandaya psixoloji təzyiqlər olurdu. Çünki dediyim kimi, köklü komandanın azarkeşləri hər zaman fikir bildirirlər. “Neftçi”nin “Qarabağ”la mübarizə apara biləcək heyəti var. Lakin 0:4 hesabı ilə uduzduqları son oyunda nə baş verdiyini anlaya bilmədim.

- Azərbaycanda baş məşqçilərə yetərincə vaxt verilmədiyini düşünürsünüz?

- Fikrimcə, Azərbaycanda yerli məşqçilərə kifayət qədər vaxt verilmir. Elə bilirlər ki, yerli mütəxəssislərin "sehrli çubuğ"u var, gələn kimi böyük dəyişikliklər olacaq. Lakin elə olmur. Məşqçiyə müəyyən qədər zaman tanımaq lazımdır. Bəzi klub rəhbərləri elə düşünürlər ki, tanınmış xarici məşqçilər komandalarında çıxış edən yüksək ödənişli futbolçularla bir-birilərinə uyğunlaşacaq və uğur qazanacaqlar. Bunun doğru düşüncə olduğunu fikirləşmirəm. Və yaxud hansısa yerli baş məşqçi hansısa komandaya təyin olunur və müəyyən uğurlar qazanılır. Müəyyən bir nöqtəyə çatdıqdan sonra yerli mütəxəssislə sağollaşır və əvəzinə yüksək maaşlı əcnəbi baş məşqçi gətirilir.

Son xəbərlər

Orphus sistemi