İtaliyanın “Napoli” komandasının baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda evdə Avstriya təmsilçisi “Zaltsburq”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransına qatılmayıb.
“Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis heç bir səbəb göstərmədən matçın yayımçı telekanalı üçün məcburi sayılan müsahibəyə də gəlməyib. Ançelotti və futbolçular görüşdən dərhal sonra stadionu tərk ediblər. Onların davranışlarına səbəb kimi yaxınlarda məşq prosesinə müdaxilə edən klub prezidenti Aurelio De Laurentis ilə münasibətlərdəki gərginlik göstərilir.
Neapol təmsilçisinin rəhbəri nəticələrdən narazı olduğu üçün futbolçularını bu həftənin sonuna qədər bazaya qapadıb.
Qeyd edək ki, ÇL-də E qrupunda yer alan “Napoli” 8 xalla 2-ci yerdədir. A Seriyasında 18 xalla 7-ci sırada qərarlaşan neapollular noyabrın 9-da XII tur çərçivəsində evdə “Cenoa” ilə qarşılaşacaq.