Uelsin "Kardiff Siti" komandası FIFA-ya təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala üçün Fransa "Nant"ına heç bir məbləğ ödəməyəcəyini bildirib.
"Report" The Sun nəşrinə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında çıxış edən klubun vəkilləri 29 yaşlı hücumçu ilə müqavilənin rəsmən qeydiyyatdan keçmədiyini təkid edirlər. Bundan əlavə, "Kardiff Siti" FIFA-ya Fransa təmsilçisinin daima bu məsələ ilə bağlı görüşlərdən imtina etdiyini xatırladır. Onların fikrincə, bu səbəbdən transferin etibarsız hesab olunması lazımdır.
Qeyd edək ki, Sala qış transfer dövründə 15 milyon funt sterlinq qarşılığında “Nant”dan “Kardiff Siti”yə keçib. Klub tarixində ən bahalı transfer olan fovard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysi ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl təyyarə radardan itib və daha sonra La Manş boğazından tapılıb. Ardınca futbolçunun meyiti aşkarlanıb.