"Final mərhələsinə hər zaman güclü komandalar vəsiqə qazanır. Bunu nəzərə alsaq, burada asan rəqib, komanda axtarmağın mənası yoxdur".
"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının final mərhələsinin püşkatması barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı mütəxəssis normal qrupa düşdüklərini bildirib: "Bunu deməklə işimizin asan olacağına işarə etmirəm. Əksinə, çətin olacaq. Əslində, İspaniya arzulamadığım rəqibdir. Amma birinci səbətdə yer alan yığmaların biri qrupumuza düşməli idi. Payımıza İspaniya çıxdı. Yaxşı hazırlaşmalıyıq. Çünki komandalar yarışa ciddi hazırlıq keçib gələcəklər və hər bir iştirakçının arzusu ən azı qrupdan növbəti mərhələyə vəsiqə qazanmaq olacaq".
Onun sözlərinə görə, şans hər zaman var: "Hər oyunda meydana çıxan yığmaların şansı 50 faizə bərabər olur. Qalır bu göstəricini xeyrinə dəyişmək. Yenə deyirəm, yaxşı nəticə qazanmaq üçün ciddi hazırlaşmalıyıq".
Qeyd edək ki, Azərbaycan millisi final mərhələsində Gürcüstan, İspaniya və Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.