İtaliya və Xorvatiyanın üçüncü dueli: "Gli Azzurri" qalib gələ bilmədiyi rəqibə qarşı

İtaliya və Xorvatiyanın üçüncü dueli: "Gli Azzurri" qalib gələ bilmədiyi rəqibə qarşı Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün üz-üzə gələcək Xorvatiya və İtaliya milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatlarında) üçüncü dəfə qarşılaşacaqlar.
Futbol
24 İyun , 2024 11:59
İtaliya və Xorvatiyanın üçüncü dueli: Gli Azzurri qalib gələ bilmədiyi rəqibə qarşı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün üz-üzə gələcək Xorvatiya və İtaliya milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatlarında) iki dəfə qarşılaşıblar.

"Report"un məlumatına görə, xorvatlar qrup mərhələsinə təsadüf edən hər iki matçda rəqibinə uduzmayıblar.

"Gli Azzurri" 2002-ci ildəki dünya çempionatında 1:2 hesablı məğlubiyyətə üzülüb. İkiqat Avropa çempionları AVRO-2012-də isə heç-heçəyə razılaşıblar - 1:1.

Xorvatiya yığması müstəqillik əldə etdikləri vaxtdan sonra 8 qarşılaşmanın (3 qələbə, 5 heç-heçə) heç birində İtaliya millisinə yenilməyib. Tərəflər arasında son üç oyun isə 1:1 hesabı ilə başa çatıb.

B qrupunun digər görüşündə İspaniya Albaniya kollektivini sınağa çəkəcək. Bu yığmalar böyük turnirlərdə ilk dəfə üz-üzə gələcəklər. Avropa çempionatlarının seçmə mərhələlərində və yoldaşlıq oyunlarında isə onlar arasında 8 görüş baş tutub. Bunların hamısından ispanlar sevinən tərəf olublar. Komanda bu matçlarda rəqibinə ən azı iki qol vurmağı bacarıb.

Qeyd edək ki, B qrupunun hər iki qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 6 xalla qrup lideri olan İspaniya 1/8 finala vəsiqəni təmin edib. İtaliya 3 xalla ikincidir. Albaniya və Xorvatiya yığmaları isə hərəyə 1 xalla üçüncü-dördüncü sıraları bölüşdürürlər.

Son xəbərlər

Orphus sistemi